Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. "Hazırda müxtəlif ölkələrin xalqları arasında və dünyada etimad böhranı mövcuddur". Sputnik Azərbaycan xəbər verir ki, bunu İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri "Bakı prosesi — insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, müxtəlifliyin qəbul edilməsinə, insanlar arasında mədəni dəyərlərin qorunub saxlanılmasına böyük ehtiyac var: "Mədəni böhranlardan qorunmağın yollarını tapmaq lazımdır. Bakı prosesinin 10-cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir. Biz sülhün, insan qardaşlığının carçıları olmalı, bəşəriyyət üçün təhlükəsiz həyatı təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq. Odur ki, mədəniyyətlərarası dialoqların güclənməsini istəyirik".
YUNESKO-nun keçmiş baş direktoru İrina Bokova isə çıxışı zamanı bildirib ki, hər kəsin qarşısında duran suallar eynidir: "Mədəniyyətlərarası dialoqun düzgün təşkili üçün hansı işlərin görülməsi istiqamətində atılacaq addımları hamımız düşünürük. Biz bilirik ki, qarşılıqlı əlaqələr müxtəlif icmaların yaranmasına zəmin yaradır. Ona görə də parçalanma halları hər zaman mövcud olur".
"Çağırışlar bərabərsizlik, sülh, miqrasiyaya düçar olmuş insanlarla bağlı olur və hələ də problem qalır. Forum bu məsələləri qlobal gündəliyə daxil edərək, müzakirə olunaraq həll yollarını tapmağa gətirib çıxarır" — deyə Bokova vurğulayıb.
O, həmçinin əlavə edib ki, mədəniyyətlərarası dialoqa insan inkişafından ayrı baxılması məsələ deyil: "Müxtəlif mədəniyyətlər haqqında savadsızlıq əsas maneə hesab olunur. Siyasi münaqişələrin aradan qaldırılmasına mövcud problemlərin həll olunması yolu ilə nail olmaq olar".