BAKI, 25 oktyabr — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar "S-400" zenit raket kompleksləri ilə bağlı həlledici tarixi açıqlayıb. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Hulusi Akar "S-400"-lərin quraşdırılma işlərinə 2019-cu ilin oktyabr ayında başlanacağını açıqlayıb.
O deyib ki, "S-400" raket əleyhinə müdafiə sistemlərinin 2019-cu il oktyabr ayından etibarən quraşdırılması işləri başlayacaq: "Hazırda kadr seçimi mərhələsindəyik. Seçiləcək heyət 2019-ci ilin başlanğıcından etibarən Rusiyaya təhsil almağa göndəriləcək. Orada lazımi təlimləri aldıqdan sonra vəzifələrinə başlayacaqlar".
Akar "S-400"-ün müdafiə məqsədi daşıdığını qeyd edərək, Türkiyəyə qarşı ciddi şəkildə hava və raket təhdidi olduğunu vurğulayıb. Həmçinin, qiymətləndirmənin nəticəsinə görə sistemlərin uyğun yerlərə yerləşdiriləcəyini deyib.
Bu sistemin NATO sistemindən tamamilə ayrı şəkildə və müstəqil istifadə ediləcəyini bildirən Akar, ABŞ və ya NATO-nun narahatlıqlarını yersiz hesab edib: "Heç bir şəkildə ABŞ və ya NATO sistemlərinə təcavüzün olmasına, hər hansı bir narahatlıq verilməsinə imkan vermərik".
"Bu, bir seçim məsələsi deyil, zərurətdir. Bizimlə əməkdaşlıq edənlərlə əməkdaşlığımızı davam etdirəcəyik" - nazir bəyan edib.
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında "S-400" komplekslərinin alqı-satqısına dair saziş 2017-ci ilin dekabrında imzalanıb.