BAKI, 5 oktyabr — Sputnik. Moskva və Dehli Hindistana "S-400" zenit raket komplekslərinin satılmasına dair saziş bağlayıb.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə müvafiq razılaşma Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı imzalanıb.
Zenit raket komplekslərinin beş alayının alınması Hindistana 5,43 milyard dollara başa gələcək. Hindistan Çin və Türkiyədən sonra bu raketləri alan üçüncü xarici ölkə olacaq.
Qeyd edək ki, ABŞ “S-400”ləri alacağı təqdirdə Hindistana da sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Vaşinqtonun bundan sonra hansı addım atacağı bilinmir.