BAKI, 25 oktyabr — Sputnik. Mehdiabad qəsəbəsində güclü külək ciddi fəsadlara yol açıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, güclü külək nəticəsində qaçqın şəhərciyində yerləşən binaların damı yerindən qopub. "Vəziyyət pisdir. Evin damı qopub düşdü. Uşaqlar qorxudan ağlayır. Nəsə olacağından narahatıq" — deyə sakinlər bildiriblər.
Oktyabrın 27-si səhər saatlarından isə yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında da oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda suyun miqdarının artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.