BAKI, 25 oktyabr — Sputnik. Bir neçə saat öncə xəbər vermişdik ki, güclü külək Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə ciddi fəsadlara yol açıb. Bu barədə Sputnik Azərbaycan-a şəhərcik sakinləri məlumat vermişdilər. Onlar qeyd etmişdilər ki, güclü külək nəticəsində qaçqın şəhərciyində yerləşən binaların damı yerindən qopub.
"Vəziyyət pisdir. Evin damı qopub düşdü. Uşaqlar qorxudan ağlayır. Nəsə olacağından narahatıq" — deyə sakinlər bildirirdilər.
Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub. Aydınlaşdırıb ki, səhər saatlarında güclü külək Mehdiabad qəsəbəsindəki "Grand" şəhərciyindəki 10-cu binanın dəmir dam örtüyünü qarşı binanın eyvanlarına çırpıb.
Hadisə nəticəsində mənzillərə ciddi ziyan dəyib. Eyni zamanda binanın altında park edilmiş avtomobil də ciddi zərər görüb. Sakinlərin sözlərinə görə, hadisə nəticəsində bir nəfər qolundan zədə alıb. Amma ehtimal edilir ki, yaralananların sayı daha çoxdur.
Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasında küləkli hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 26-dan küləyin sürəti daha da artacaq. Güclü şimal-qərb küləyinin oktyabrın 27-si səhərədək davam edəcəyi gözlənilir. Abşeron yarımadasında hava şəraitinin ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun 10-12 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.