BAKI, 25 oktyabr — Sputnik. "Badamdar - 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında bu gün saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır".
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan məlumat verilib. Məlumata görə, sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir.
"Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb" - deyə Qərargahdan bildirilib.
Qeyd edək ki, Badamdar - 20-ci sahə yolunun sağ kənarında sürüşmə oktyabrın 12-dən müşahidə edilir. Ərazidə fərdi evlər və obyektlər var. Sakinlər köçürülüb.
Məlumata görə, evlərin divarlarında müxtəlif ölçülü çatlar əmələ gəlib. Çatların genişlənməsini müşahidə edə bilmək üçün mayaklar quraşdırılıb.