BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun xanımı Hilari Klintona göndərilən bağlamada parlayıcı qurğu aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The New York Times" nəşri hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Nəşrin mənbəsinin sözlərinə görə, partlayıcı qurğu daha əvvəl amerikalı milyarder Corc Sorosa göndərilən partlayıcı qurğuya bənzəyir. Bundan əlavə, analoji bağlama sabiq prezident Barak Obamaya da göndərilib.
Həm Soros, həm də Klinton Nyu-Yorkda şəhər kənarında yaşayırlar. Lakin Klintona göndərilən partlayıcı qurğunun harada tapıldığı açıqlanmır.
Qeyd edək ki, ötən gün ABŞ hüquq-mühafizə orqanları amerikalı milyarder, iş adamı Corc Sorosun evinin poçt qutusunda partlayıcı qurğu aşkarlayıblar.
Bu barədə "The New York Times" nəşrinə Beford şəhərinin "Westchester" rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Yerli polisdən bildirilib ki, partlayıcı qurğunun olduğu paketi Sorosun Beforddakı iqamətgahının işçisi tapıb. O, paketi insanların olmadığı əraziyə aparıb və daha sonra bu barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.
Nəşr yazır ki, hadisə yerinə gəlmiş mütəxəssislər qurğunu partladıblar. Sorosun hadisə baş verən vaxt evdə olmadığı qeyd olunur.