Nübar Məmmədova, Sputnik Azərbaycan
BAKI, 24 oktyabr — Sputnik. Hazırda dünyanın bir çox ölkələrində sperma bankı mövcuddur. Bunu zəruri edən əsas səbəblərdən biri kişilər arasında sonsuzluğun artması, yəni partnyorundan övlad sahibi ola bilməyən qadınların bu yolla ana olmasını təmin etməkdir.
Digər səbəblər isə, şəxsin istəyi ilə spermasının qorunub müəyyən müddət üçün saxlanılması və ya qadınların həyatlarında kişi olmadan övlad sahibi olmaq arzusudur.
Dünyanın onlarla ölkəsində məhz sperma bankı sayəsində həm yüzlərlə uşaq dünyaya gəlir, həm də kifayət qədər gəlir əldə edilir. Azərbaycanda isə sperma bankı yoxdur. Belə bir bankın yaradılması məsələsi bir neçə dəfə Milli Məclisdə müzakirə olunsa da, qəbul edilməyib. "Əhalinin sağlamlığının qorunması haqda" Azərbaycan Respublikasının qanununda da yalnız süni mayalanma haqda müəyyən müddəalar əksini tapıb.
Maraqlıdır, Azərbaycanda belə bir bankın yaradılmasına münasibət necədir? Sputnik Azərbaycan əməkdaşı bu suala cavab tapmaq məqsədilə kiçik bir araşdırma aparıb.
"30 nəfərə görə 10 milyon insanın inancına toxunmaq olmaz"
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvi Rafael Cəbrayılov belə bir bankın yaradılmasının milli-mental dəyərlərə zidd olduğunu düşünür: "Birmənalı şəkildə sperma bankının yaradılmasının, atasını tanımayan uşaqların doğulmasının əleyhinəyəm. Bu mövzu bir neçə il öncə Milli Məclisdə müzakirə olunduqda bəzi həmkarım çıxışında qeyd etmişdi ki, "qadının ana olmaq arzusuna qarşı çıxmaq olmaz". Bu fikirlə razıyam. Lakin qadının ana olmaq arzusu nəyin bahasına olursa olsun, iyrənc üsullarla reallaşmamalıdır. Kimsə düşünürsə ki, bu yolla xeyirli övlad sahibi olacaq, yanılır".
Deputat surroqat analıq, donor sperması ilə övlad sahibi olmaqdansa, övladlığa götürməni dəstəkləyir: "Bəzən deyirlər ki, "İslamda qadın hüquqları tanınmır". Xeyr, bu, belə deyil. Qadın yenidən ərə gedə bilər. Qarşılıqlı sevgi varsa və tərəflər boşanmaq istəmirsə, övladlığa uşaq götürə bilərlər. Hətta qadının qarşısında ərə getmək üçün müəyyən problemlər olsa belə, sperma bankına müraciət etməkdənsə, hansısa yetimi götürüb saxlasa, savab əməl sahibi olar. Lakin başqasının sperması ilə hamilə qalıb, övlad dünyaya gətirmək zinadır. Dünyada gedən hər bir inteqrasiya prosesini mənimsəməyə məcbur deyilik".
Millət vəkili Musa Quliyev də həmkarı ilə eyni fikirdədir: "Belə bir bankın yaradılması dinimizə ziddir. Donorluq yalnız nikahda olan şəxslər arasında mümkündür. Kənar şəxslərin donorluğuna İslam dinində icazə verilmir. Donorluqdan doğulan uşaqlar həqiqi varis qəbul edilmir".
M.Quliyev belə bir istəkdə olan cütlüklərin xaricə getməsini tövsiyə edir: "Kim bunun arzusundadırsa, gedib başqa ölkələrdə donor tapa bilər. Azərbaycan dünyəvi ölkə sayılsa da, insanların əqidələri də nəzərə alınmalıdır. Bundan başqa, belə bir bankın yaradılması üçün sosial tələbat da olmalıdır. Azərbaycanda ildə bəlkə 30-40 nəfərin belə bir tələbatı ola bilər, onlara görə 10 milyonun inancına toxunmaq olmaz. Bu məsələnin mənəvi, sosial, hüquqi və iqtisadi tərəfləri var".
"Sperma bankının milli-mənəvi dəyərlərə heç bir dəxli yoxdur"
Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə belə bir bankın yaradılmasının vacibliyini vurğulayır: "Bir çox ölkələrdə sperma bankı var. Azərbaycanda isə Mərkəzi Klinikada bununla bağlı bir şöbə var. Ayrıca bank kimi ölkəmizdə belə bir strukturun yaradılmasına ehtiyac var".
Ekspert bildirir ki, belə bir bank yaradılarsa, bir sıra amillər nəzərə alınmalıdır: "Spermalar götürülərkən genetik amillər, etnik mənşə araşdırılmalıdır. Bunlar çox önəmli nüanslardır. Hesab edirəm ki, gələcəkdə də donor kimi istifadəsi nəzərdə tutulan spermalar sağlam və genetik problemi olmayan şəxslərdən götürülməlidir".
"Əlbəttə, belə bir bankın yaradılması üçün müəyyən məsələlərə ciddi nəzarət olmalıdır. Çünki burada söhbət genefondun artım dinamikasından gedir. Alınan sperma təmizlənməli, sterilləşdirilməli, daha sonra süni mayalanma üçün istifadə edilməlidir. Bundan başqa bu məsələlər həm ailə, həm də vətəndaşın şəxsi təhlükəsizliyi fonunda aparılmalıdır".
A.Qeybullanın sözlərinə görə, belə bir bank yaradılarsa, xərçəng xəstəliyinə yoluxan kişilər və ya s. şəxslər spermasını gələcəkdə istifadə məqsədi ilə də donor bankında saxlaya bilərlər.
Mütəxəssis düşünür ki, sperma bankının yaradılmasının milli-mental dəyərlərlə heç bir bağlılığı yoxdur: "Şəxsin belə bir banka müraciət edib donor olmaq, yaxud da hansısa donordan yararlanmaq hüququ var. Dünya dəyərlərini qəbul ediriksə, bu yolla getməliyik. Bütün dünyada insanlar bu cür banklardan fayda görürsə, biz hansı mental dəyərlərdən danışırıq? Mental dəyərlər, tamamilə, fərqli anlayışdır".
Həkim, həmçinin onu da vurğulayır ki, belə bir bank yaradılarsa, bu məqsədlə xaricə gedənlər də ölkəmizdəki sperma bankına müraciət edərlər: "Bu, həm də başqa genlərin qanımıza qarışmasının qarşısını alar. Bu gün nə qədər cütlük süni mayalanma üçün İrana gedir. Bu zaman həmin spermanın genetikası, hansı donordan istifadə edilməsi də naməlum qalır. Belə olan halda milli-mənşə, genetik faktorlara kim nəzarət edir? Bu səbəbdən də yerli bankın yaradılması zəruridir".
Din deyir ki…
İlahiyyatçı Elvüsal Məmmədov məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, qadının nikahda olmadığı kişidən bu yolla hüceyrəsini mayalandırıb övlad dünyaya gətirməsi dində, şəriətdə qəbuledilməzdir.
"Yəni, qadının nikahı olmayan şəxsdən övlad dünyaya gətirməsini nəzərədə tutan belə sperma banklarının yaradılması qəbuledilməzdir. Lakin təbii yolla mayalandırılma mümkün olmadıqda, bu zaman kişinin spermasının götürülərək həyat yoldaşının bətninə yerləşdirilməsi, yaxud da qadından hüceyrənin əldə edilərək laboratoriyada mayalandırılması günah deyil" — teoloq bildirir.
"Mümkündür, amma hələ tezdir"
Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə hazırkı şəraitin belə bir bankın yaradılmasına imkan vermədiyini bildirir: "Azərbaycanda belə bir bankın yaradılması üçün müəyyən zaman lazımdır. Reproduktiv sağlamlıq haqda qanunu qəbul etmədən, süni mayalanmanın dövlət tərəfindən pulsuz həyata keçirilməsi reallaşmadan sperma bankını yaratmaq mənasızdır".
"İndiki vəziyyətdə sperma bankını kimin üçün yaradacağıq? Özəl klinikalar üçün? Onların hər şeyi var. Bu gün Azərbaycanda süni mayalanma pulsuz olmadığı halda, belə bir bankdan da dövlət səviyyəsində istifadə olunmayacaqsa, o zaman bank spermasını kimin üçün yaradacağıq? Bu səbəbdən hələ ki, Azərbaycanda sperma bankının yaradılmasının zamanı deyil" — baş mama-ginekoloq qeyd edir.
S.Məmmədovanın sözlərinə görə, Azərbaycanda belə bir bankın yaradılmasının zəruri olub-olmadığını demək üçün müəyyən araşdırmalar aparılmalıdır: "Androloqlar kişilərin neçə faizinin sonsuz, toxumunun anormal, neçə faizinin toxumunun isə normal olduğunu açıqlamalıdır. Bunun üçün 5-10 ilin təhlili aparılmalıdır ki, rentabellilik öyrənilsin. Ölkəmizdə sonsuz kişilərin sayı 3-4 faiz təşkil edərsə, bu zaman belə bir bankın yaradılmasının mənası yoxdur. Çünki belə bir bankı yaratmaq heç də asan iş deyil. Bunun üçün bahalı avadanlıqlar gətirilməli, düzgün saxlanma şəraiti olmalıdır".
Mütəxəssisin fikrincə, Azərbaycanda belə bir bankın yaradılması sonsuz kişilər tərəfindən də qəbul edilməyə bilər: "Toxumunun olmadığını bilən hansı kişi yoldaşına deyəcək ki, get bankdan bir kilo sperma al, tök qarnına? Ərinin razılığı olmadan isə qadının bankdan sperma alması yolverilməzdir. Hüquqi baxımdan burada müəyyən sərhədlər var ki, Azərbaycan hələ də ona hazır deyil".
S.Məmmədova düşünür ki, reproduktiv sağlamlıq haqda qanun qəbul edildikdən sonra bu məsələyə də baxmaq olar.
Camaat nə düşünür?
Azərbaycanda sperma bankının yaradılması ilə bağlı ictimaiyyətin də fikrini öyrənməyə çalışdıq. Bu məqsədlə sosial şəbəkə istifadəçiləri arasında sorğu təşkil etdik. Yanaşmaları təqdim edirik:
Leyla Səfərova: "Ölkəmizdə belə bir qanunun qəbul edilməsi çətin məsələdir. Çünki hələ də rahat, öz həyatını yaşamaq istəyən qadınlar birmənalı qarşılanmır. Digər ölkələr isə bu sərhədi çoxdan aşıb. Lakin məncə, belə bir bankın yaradılması normaldır. Bu, həm də kiminləsə həyatını bölüşmək istəməyən qadınlar üçün gözəl fürsət olar".
Aygün İlqar: "Belə bir bankın yaradılması normaldır. Çünki hər bir qadının ana olmaq haqqı var, bu, onun şəxsi həyatıdır. Ola bilər ki, qadın həyatında kişi olmadan övlad sahibi olmaq istəsin. Bundan başqa, partnyoru qısır olduqda da qadının övlad istəyi əri tərəfindən anlayışla qarşılana bilər. Eşitmişik ki, qadın sonsuz olduqda kişi başqasından övlad dünyaya gətirərək həyat yoldaşı ilə birgə onu böyüdüb. Yəni burada anlayış məsələsi çox önəmlidir".
Almaz Həsrət: "Kənar yerdən gələn döl genofondumuzu qarışdıraraq, əsil-nəslimizə, nəcabətimizə ziyan vurar. Belə bir bankın yaradılmasını istəmirəm. Ot öz kökü üstündə bitməlidir. Bu yolla dünyaya gələn uşaqlar balaca bir şəhərdə rastlaşıb ailə həyatı da qura bilərlər. Bacı-qardaş evliliyi isə irsi xəstəliklərə səbəb olur. Demoqrafiya baxımdan belə bir qanun layihəsinin qəbul edilməsi çox təhlükəlidir".
Elgün Gəncimsoy: "Belə bir qanunun qəbul edilməsi üçün milli-mentalitet kimi böyük bir istehkam var. Fikrimcə, heç bir Azərbaycan kişisi öz spermasını banka qoymaz. Həmçinin də qadınlarımız ərindən başqasının toxumundan mayalanmaya razı olmaz".
Əli Sahib Hüseynli: "Belə bir bankın yaradılması, qadının bu yolla ana olması təkcə özünü düşünməsi, övladının gələcəyini ambisiyalarına qurban verməsi deməkdir. Gələcəkdə o uşağı qınaqlı baxışlar gözləyir".
İsmayıl İsmayılov: "Dini baxımdan belə bir bankın yaradılması günahdır. Çünki uşaq atasını tanımayacaq".