Leyla Abdullayeva-Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın, demək olar ki, bütün bölgələrində zamanla arxeoloji qazıntılar aparılıb və müxtəlif tapıntılara rast gəlinib. Şimal bölgəsində isə, bu sahəyə, nədənsə az diqqət ayrılıb. Məsələn, Qusar rayonunda 70-ci illərdən bu yana geniş şəkildə heç bir arxeoloji qazıntılar aparılmayıb.
Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı mütəxəssisi, arxeoloq alim Qəhrəman Ağayev bildirib ki, Qusar rayonu ərazisində davamlı olaraq arxeoloji qazıntılar aparılacaq.
"Bildiyimiz kimi, ölkəmizdə bir çox millətlər yaşayır və hər tərəfdən müxtəlif dövlətlərlə həmsərhədik. Zamanla qonşu ölkələr onlarla həmsərhəd olan ərazilərimizi öz adlarına çıxmağa çalışıblar. Arxeoloji qazıntıları aparmaqda məqsədimiz torpaqlarımızın tarixini və qədimliyini bir daha hər kəsə sübut edə bilməkdir" – deyə alim vurğulayıb.
Q.Ağayev Qusarın dağlıq Zindan Muruq kəndinin ərazisində tədqiqatlar aparıb və proses artıq başa çatdırılıb. Qusar-Şahdağ yolunun 25-28-ci km-ində yerləşən Yuxarı Ləyər ərazisində yerləşən nekropolda arxeoloji qazıntılar zamanı 2 qəbir açılıb: "Tədqiqat qrupumuz tərəfindən hər bir qəbir 2 metrə qədər qazıldı. Birinci qəbirdən keramika qırıqları, ikincidən isə insan sümükləri aşkar edildi. Tapılan insan sümüklərinə və keramika qablarına keçirilən baxış zamanı onların hansı dövrlərə aid olduqları məlum oldu".
"Keramika qırıqları tapılan qəbir orta əsrlər dövrünə, insan sümükləri tapılan qəbir isə son tunc — ilk dəmir dövrünə aid olduğu və eramızdan əvvəl 1-ci minilliyin sonu, 2-ci minilliyin əvvəlinə gedib çıxdığı məlum oldu. Birinci qəbirdən tapılan insan sümüyünün 4-7 yaş arası uşağa aid olması aşkarlandı" – həmsöhbətimiz bildirib.
Qəhrəman müəllimin sözlərinə görə, əraziyə baxış zamanı müəyyən edilib ki, bu nekropolun 1/3 hissəsi məşhur Şahdağ Turizm Kompleksinə gedən yolun üstündə yerləşir. Aparılan yol genişlənməsi və kommunikasiya işləri zamanı nekropol dağıdılıb.
Arxeoloq onu da qeyd edib ki, Qusarda arxeoloji qazıntılar qarşıdakı illərdə də davam etdiriləcək: "Qazıntı-tədqiqat işləri təkcə qədim qəbiristanlıqlarda — nekropollarda deyil, tarixi yaşayış yerlərində də aparılacaq. Çünki tədqiqatlarımız sübut etdi ki, Qusarın çox qədim tarixi var və bu keçmiş indiyəcən lazımınca öyrənilməyib".