Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yerli inşaat şirkətləri öz məhsullarını Made in Azerbaijan brendi altında təqdim ediblər

© Sputnik / Murad OrujovXXIV Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild Azerbaijan" sərgisi
XXIV Azərbaycan Beynəlxalq İnşaat BakuBuild Azerbaijan sərgisi - Sputnik Azərbaycan
Abunə olmaq
XXIV Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild Azerbaijan" sərgisinə start verilib

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın gələcəyi sənaye ilə bağlıdır və sahibkarlığın inkişafı ilə əlaqədar aparılan institusional islahatlar və kompleks tədbirlər ölkədə əlverişli biznes mühiti yaradıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov oktyabrın 23-də BakuBuild sərgisinin açılışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, hazırda ölkəmizdə milli iqtisadiyyatın dərin diversifikasiyası gedir, yeni istehsal sahələri yaradılır. Bu isə qeyri-neft sektorunda idxalın və ixracın artırılmasına imkan verir.

"Azərbaycanda təşviq mexanizmi mövcuddur və 20 tikinti şirkəti bu mexanizmdən tikinti materiallarının istehsalında istifadə edib. Hazırda ölkədə sement, bentonit və digər tikinti məhsulları istehsal edilir ki, onlar da BakuBuild sərgisində "Made in Azerbaijan" brendi altında təqdim olunur" — deyə Səfərov bildirib.

Iteca Caspian-ın baş direktoru Edvard Stroon isə öz növbəsində deyib ki, sərgidə 22 ölkədən 301 şirkət iştirak edir. Ümumi iştirakçıların 40%-i yerli şirkətlərdir. Bu il inşaaat sərgisində Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və İtaliyanın milli qrupları iştirak edir. Onların məhsulları artıq dəfələrlə sözügedən sərgidə təqdim olunub.

Xəzər inşaat həftəsi hər il bütün sahələr üzrə ən qısa yoldan istifadə edərək yerli bazarı öyrənmək və onun bir hissəsi olmaq istəyən yeni iştirakçıların diqqətini cəlb edir. Cari ildə BakuBuild Azerbaijan sərgisinin iştirakçı heyətinə 40% yeni şirkətlər də əlavə olunub ki, onların da arasında həm yerli, həm də xarici şirkətlər var.

Xəzər inşaat həftəsi çərçivəsində bir sıra ixtisaslaşmış seminarlar, peşəkar görüşlər və diskussiyalar, yeni texnologiyaların və tikinti bacarıqlarının təqdimatı təşkil edilib. Sərginin ilk günündə Polşanın İnvestisiya və Ticarət Agentliyinin təşkilatçılığı ilə "Polşanın inşaat sənayesi" ilə bağlı mətbuat brifinqi keçirilib.

XXIV Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild Azerbaijan" sərgisinə oktyabrın 23-də start verilib və o, öz işini oktyabrın 26-da başa çatdıracaq.

"Xəzər İnşaat Həftəsi" özündə 24-cü Azərbaycan Beynəlxalq "İnşaat" ("BakuBuild Azerbaijan 2018"), 11-ci Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" ("Aquatherm Baku 2018"), Xəzər Beynəlxalq "Mebel, İnteryer və Dizayn" ("Caspian MebelExpo 2018") sərgilərini ehtiva edir.

BakuBuild Azerbaijan sərgisinə İqtisadiyyat Nazirliyi, Dövlət Memarlıq və Şəhərsalma Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Memarlar İttifaqı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) dəstək verir.

"BakuBuild Azerbaijan", "Caspian MebelExpo", "Aquatherm Baku" və "Securika Caspian" sərgilərinin təşkilatçısı qismində "Iteca Caspian" şirkəti çıxış edir.

Sputnik Azərbaycan "BakuBuild Azerbaijan", "Caspian MebelExpo", "Aquatherm Baku" və "Securika Caspian" sərgilərinin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0