BAKI, 23 oktyabr — Sputnik. Hava şəraitinin kəskin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq edilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Çaylarda suyun miqdarının artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.