Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov Sputnik Azərbaycan-a verdiyi açıqlamada Xəzər dənizində İran İslam Respublikasına məxsus "Nazmehr" yük gəmisinin ekipajının üç üzvünün ölümünə səbəb olacaq iki əsas versiyanı səsləndirib.
18 oktyabr tarixində saat 21:20 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müraciət edilməsi barədə Dövlət Dəniz Agentliyindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məlumat daxil olub. Daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılıb və İİR gəmisi olan koordinatlara istiqamətləndirilib.
Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmisinə yan alıb və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR vətəndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götürərək sürətlə sahilə doğru hərəkət edib. İİR vətəndaşları "Nazmehr" quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmadığını bildirib. Sərhəd gözətçi gəmisində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı tədbirlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.
Saat 04:00 radələrində "Nazmehr" quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşdiyini bildirib və köməklik göstərilməsini xahiş edib. Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürüb və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb. Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Ədalət Həsənovun sözlərinə görə, ekipaj üzvlərinin ölümü ilə bağlı iki versiya üzərində dayanılıb: gəmi ilə daşınan taxıla vurulmuş pestisidlərlə zəhərlənmə və qidadan zəhərlənmə. Pestisidlərlə zəhərlənmə ehtimalı qapalı yerdə açıq havaya nisbətən daha yüksəkdir. Ola bilər ki, dənizçilər gəmidəki taxıla vurulan pestisidlərin buxarlanması nəticəsində zəhərləniblər.
"Həm xəstəxanaya aparılan ekipaj üzvlərindən, həm də meyitlərdən analiz üçün qan nümunələri götürülüb. Bütün materiallar ümumi ekspertizanın aparılması üçün məhkəmə-kimyəvi ekspertiza şöbəsinə göndərilib. Ekspertizanın nəticələrinin hazır olması üçün bir ay vaxt lazımdır" — deyə Həsənov bildirib.
Hazırda Baş Prokurorluq "Nazmehr" quru yük gəmisinin ekipaj üzvlərinin kütləvi zəhərlənməsi ilə bağlı işi araşdırır.
Qeyd edək ki, gəmidə 1989-cu il təvəllüdlü Əkbər Masumi Kərim oğlu, 1986-cı il təvəllüdlü Seyid Mortaza Mirhüseyn oğlu və 1990-cı il təvəllüdlü Sayyad Mosleh Fereydun oğlu həyatını itirib.