BAKI, 22 oktyabr — Sputnik. ATU həkimləri uşağın ürəyini dayandırıb, ürək qüsurunu uğurla əməliyyat ediblər.
Sputnik Azərbaycan Tibbi Universitetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub. Əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 7 kiloqram çəkisi olan 10 aylıq körpə üzərində aparılıb.
Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının Uşaq Ürək Cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnində ikən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranıb: "Uşaq doğulduqdan sonra Pediatrik kardioloqumuz dr.Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat etməyə qərarı verdik".
2 saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və Aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək —ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb: "Uşağın bədən temperaturunu 32 dərəcəyədək soyudub, ürəyi dayandırdıq. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər 3 defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırmağa başladıq. Uşağı süni ürək-ağciyər aparatından ayırdıq və əməliyyatı başa çatdırdıq. Reanimasiyada 1 gecəlik təqibdən sonra 3 gün palata şəraitində izlədik. 4-cü postoperativ gün evə buraxdıq".
Qeyd edək ki, həkimlər ürək qüsurlarından xəbər verən bəzi əlamətlərə — göyərmə, təngənəfəslik, yeni doğulmuşlarda qidalanma çətinliyi, çəki ala bilməmək kimi əlamətlərə sahib olan uşaqlara ciddi yanaşmağı və pediatrik kardioloji müayinədən keçirməyi məsləhət görür. Bəzi ürək qüsurları simptomsuz keçsə də, bir müddət sonra ürək çatışmazlığı əlamətləri ilə qarşımıza çıxır.