BAKI, 22 oktyabr — Sputnik. Hüquqşünas Ərşad Hüseynov avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən dəyişikliklərə aydınlıq gətirib.
Sputnik Azərbaycan xəbər verir ki, hüquqşünas bu barədə öz Facebook səhifəsində yazıb.
O, qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanuna iyun ayında edilən dəyişikliklər Nazirlər Kabinetinin 40 saylı qərarına da daxil edilib: "Bu dəyişikliklər barədə o vaxt da qeyd etmişdik, bir daha əsas 3 yeniliyi nəzərinizə çatdırmaq istəyirəm. Kağızda (şüşəyə yapışdırılan) texniki baxış talonu ləğv edildi. Bundan sonra yalnız elektron talon tərtib olunacaq, DYP-nin mərkəzi informasiya sisteminə və sürücünün elektron kabinetinə yerləşdiriləcək. Mövcud qərarla baxışın vaxtı dəyişdi. Əvvəllər olduğundan fərqli olaraq, nəqliyyat vasitəsi növünə və istehsal ölkəsinə görə baxışa təqdim edilməyəcək. Yeni qaydaya əsasən, nəqliyyat vasitəsi axırıncı dəfə hansı gün baxışdan keçibsə, gələn il (gələn dəfə) də həmin gündən gec olmayaraq baxışdan keçirilməlidir. Həmin gündən sonra 20 gün ərzində baxış olmasa, belə avtomobili idarə edən sürücü cərimələnəcək. Məsələn, əvvəlki il 10 mayda baxışdan keçən avtomobil növbəti texniki baxış ili 30 mayadək baxışdan keçirilməsə, onu yolda idarə edən sürücü 50 manat cərimə olunacaq (özü də elektron qərarla)".
Hüquqşünas qeyd edib ki, minik avtomobilləri və 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər istənilən nasazlığı olsa da texniki baxışdan keçirilməli və texniki baxış talonu tərtib edilməlidir. Texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə sadəcə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Həmin nəqliyyat vasitəsi növbəti, yəni gələn ilki və ya iki ildən sonrakı texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon verilməməlidir.
"Bu o deməkdir ki, qeyd olunan nəqliyyat vasitələrinə hər bir halda, ən ciddi nasazlıq olsa da, baxış talonu verilməli, sürücü buna görə geri qaytarılmamalıdır. 3-cü yenilik paradoksal sayıla bilər. Loru dildə bu o deməkdir ki, məsələn, siz avtomobilinizi 3 təkər üstündə baxışa gətirirsiniz. Təkərinin biri olmasa da, ona baxış talonu verilməlidir və sizə məsləhət görülməlidir ki, gedin 4-cü təkəri də maşının altına qoyun. Siz də gələn ilki texniki baxışa gələnədək 4-cü təkəri də tapmalısınız, tapmasanız gələn il avtomobilinizi baxışdan keçirə bilməyəcəksiniz" – deyə o qeyd edib.
Hüquqşünasın sözlərinə görə, 3-cü dəyişiklik icazə verilən maksimal kütləsi 3,5 tondan artıq yük avtomobillərinə, avtobuslara, onların qoşqularına, bəzi xüsusi təyinatlı nəqliyyat vasitələrinə aid deyil.
"3-cü qeyd etdiyim düzəliş olsa da, İXM-in 342.2-ci və 342.5-ci maddələri qüvvədə qalır. Yəni 3 təkərli avtomobilinizi baxışdan keçirməlidirlər, amma onu küçədə saxlayanda bu nasazlığı aradan qaldıra bilməsəniz, cərimələnə bilərsiniz" – deyə hüquqşünas qeyd edib.