İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. "Şənbə günü anama yeni aldığım nömrəyə tanımadığı nömrədən zəng gəlib və bildirilib ki, o, banka borcu olduğu üçün məhkəməyə verilib. Halbuki nömrə mənim adımadır və mən heç bir bankdan kredit götürməmişəm" – deyə Sputnik Azərbaycan-a müraciət edən İlahə Cəlilova bildirib. Şikayətçi qeyd edib ki, anası yaşlı qadındır və bu zəng onun səhhətinə mənfi təsir edib.
İ.Cəlilovanın sözlərinə görə, sonradan həmin nömrə ilə əlaqə saxlayıb və nömrənin kollektor şirkətə aid olduğunu müəyyən edib: "Zəng etdim və bildirdim ki, onlar böyük səhv edərək anamı narahat ediblər. Onu da bildirdim ki, bir də bizi narahat etsələr, məhkəməyə müraciət edəcəyik. Qeyd edim ki, bu günə qədər hər hansı bankla kredit əməliyyatı aparmamışam".
"Şirkətin zəng vurduqları şəxsin kimliyini dəqiqləşdirmədən, nə vaxtsa kiməsə aid olan nömrəyə zəng edərək, məhkəməyə gəlməyi tələb etməsi nə qədər doğrudur" – deyə redaksiyamıza sual ünvanlayan Cəlilova sualına cavab tapmağımızı, bu məsələdə onu maarifləndirməyimizi xahiş edib.
Sputnik Azərbaycan iqtisadçı ekspert Əkrəm Həsənovla məsələyə aydınlıq gətirməyə çalışıb.
Ə.Həsənovun sözlərinə görə, ölkədə bir çox banklar kollektorların xidmətlərindən istifadə edirlər. Amma bu, tamamilə qanunsuzdur: "Bank sirri deyilən anlayış var. Mülki Məcəllədə və Banklar Haqqında qanunda qeyd edilib ki, bankın müştərisinin adı, onun hesabı, apardığı əməliyyatlar, xüsusilə kredit sirdir. Və bu sirri bank yalnız müştərinin özünə, təmsilçisinə və qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına verilə bilər. Bu məlumatlar digər şəxslərə ötürülə bilməz. Bununla bağlı bir neçə məhkəmə prosesində uğur qazanmışıq. Banklar cərimə edilib".
Ekspert qeyd edib ki, vətəndaşın borcu barədə məlumatın 3-cü şəxslərə ötürülməsi də qadağandır: "Vətəndaşın iş yerinə belə məlumatın verilməsi bank sirrinin pozulmasıdır. Kollektorlar da üçüncü şəxs hesab edildiyi üçün onlara bu sirr verilə bilməz".
Həsənovun dediyinə görə, 2018-ci ilə qədər banklar kollektor şirkətlərlə əməkdaşlığı onunla əsaslandırırmış ki, kollektor şirkətlər onları məhkəmələrdə təmsil edir: "Buna görə də onlar vətəndaş məlumatlarını kollektor şirkətlərə ötürürdülər. 2018-ci ildən etibarən Qanunvericilikdə bir sıra dəyişikliklər edildi. Belə ki, bundan sonra bankları məhkəmələrdə ya işçiləri, ya da Vəkillər Kollegiyasının üzvləri təmsil edə bilər. Yəni kollektorlar daha məhkəmələrdə bankları təmsil edə bilməzlər və bu adla da banklar kollektorlara məlumat ötürə bilməz".
"Heç bir kollektor şirkət vətəndaşa müraciət edə bilməz. Belə bir halla qarşılaşdığı zaman vətəndaş həmin banka qarşı məhkəmədə iddia qaldıra bilər. Ona vurulan mənəvi zərəri tələb edə bilər" – deyə ekspert vurğulayıb.
İqtisadçı həmçinin qeyd edib ki, kollektor şirkət haqqında hüquq mühafizə orqanlarına da müraciət etmək olar: "Bu şirkətlərin fəaliyyəti qanunsuzdur. Ötən ilin sonlarında dövlət başçısının təsdiq etdiyi qanuna görə, vəkillərdən başqa heç kimə bank sirri verilməməlidir".
"Əgər kollektor şirkətin nümayəndəsi sizi narahat edirsə, səs yazan proqramlardan istifadə edin ki, məhkəmədə əlinizdə sübutunuz olsun. Çünki onlar deyəcək ki, "biz zəng etməmişik". Buna görə də, kollektor şirkət şikayət etmək üçün əlinizdə onların yazılı müraciəti və yaxud səs yazısı, bir sözlə, yetərli sübutlarınız olmalıdır. Bu da yoxdursa, mobil nömrənin aid olduğu operatordan həmin zəngi çap etməyi tələb etmək olar" – Ə.Həsənov deyib.
İqtisadçı onu da bildirib ki, vətəndaşlar belə vəziyyətlə üzləşdikləri zaman diqqətli olmalı və unutmamalıdırlar ki, kollektor şirkətlərin fəaliyyəti qanunsuzdur.