BAKI, 22 oktyabr — Sputnik. İlk yeraltı sürət tuneli dekabrın 10-da Los Ancelesdə açılacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə biznesmen, milyarder və SpaceX kosmik şirkətinin rəhbəri İlon Mask özünün Twitter hesabında yazıb.
"Demək olar ki, tunel hazırdır" — deyə sahibkar bildirib.
O, ötən ilin may ayında sözügedən tunelin sınaqdan keçirilməsini əks etdirən videonu paylaşmışdı. Maskın sözlərinə görə, bu tuneldə avtomobil xüsusi elektrik platforma üzərində saatda 200 km sürətlə hərəkət edəcək. Nəticədə, Vestvuddan Los Ancelesin mərkəzinə getmək üçün cəmi 5 dəqiqə vaxt sərf olunacaq.
Yeraltı şəbəkə 30 səviyyəli tuneldən ibarət olacaq və oradakı relslərin üzərinə avtomat platforma yerləşdiriləcək.
Mask özünün yeni layihəsi barədə hələ 2016-cı ilin dekabrında TED Talk layihəsi çərçivəsində çıxışı zamanı məlumat vermişdi. Bildirmişdi ki, şəhərdəki tıxaclar onu bezdirdiyi üçün bu layihəni fikirləşib.
Maskın sözlərinə görə, yaxın gələcəkdə avtomobillər yollardakı xüsusi platformalarda dayanaraq lift vasitəsilə tunelə enəcək. Bu elektroplatforma maşını üfüqi istiqamətdə rels sisteminə doğru hərəkət etdirəcək, nəqliyyat vasitəsinin özü isə tərpənmədən dayanacaq. Belə sürət tunellərdə saatda 200 km olacaq. Bu zaman avtomobillər yanacaq da sərf etməyəcəklər.
"Hazırda biz Los-Ancelesin altında çala qazmağa cəhd edirik. Bu, üçölçülü tunellər şəbəkəsinin başlanğıcı olmalıdır" — deyə İlon Mask ötən il bildirmişdi.
The Boring Company-nin bu layihəsi 2016-cı ilin sonlarında hazırlanıb və Maskın sonuncu layihələrindən biridir. Layihənin rəhbəri SpaceX-in mühəndisi Stiv Devisdir.
Layihə barədə məlumatlar ortaya çıxanda ekspertlər bəyan etmişdilər ki, bu ideyanın reallaşdırılması üçün onilliklərlə vaxt lazımdır. Lakin Mask və komandası cəmi 2 ilə bu ideyanı reallığa çevirməyi bacarıb.