BAKI, 22 oktyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslər məsuliyyətə cəlb edilə bilər.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır" — deyə DTX-dan bildirilib.
Həmçinin qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi "facebook", "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.
DTX istifadəçilərə səmərəli informasiya mübadiləsinə görə əvvəlcədən təşəkkürünü də bildirib.