BAKI, 22 oktyabr — Sputnik. Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası Baş nazir Tereza Meyə istefa verməsi üçün 72 saat vaxt verib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti yazıb.
Nəşr xəbər verir ki, Mühafizəkarlar Partiyasının rəhbərliyi Krallığın Avropa İttifaqından çıxması prosesi ("Brext") də daxil olmaqla, Meyin dövləti idarə etməsindən narazıdır.
Partiyanın üzvü, keçmiş hərbçi Conni Merser parlament üzvlərini baş naziri hakimiyyətdən devirməyə çağırıb.
"The Sunday Times"-da dərc olunan məqaləsində Conni Merser yazıb ki, o fəaliyyət göstərə bilməyən administrasiyanı dəstəkləyə bilməz.
Merserin sözlərinə görə, bu həftə Tereza Meyə etimad göstərməyə bilər, çünki Böyük Britaniya baş nazirinə qarşı "partiyanın bütün qanadları" birləşib.