BAKI, 22 oktyabr — Sputnik. "Badamdar 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.
Qərargahdan bildirilib ki, sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.
Xatırladaq ki, Badamdar 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında oktyabrın 1-dən gərginlik müşahidə edilib. Oktyabrın 12- də isə ilk sürüşmə baş verib. Ərazidə 11 ev və 3 obyekt var. Burada yaşayan sakinlər köçürülüb. Məlumata görə, sürüşmə zonasında olan evlərin divarlarında çatlar var. Ehtimallara görə, əvvəlcə torpaq, sonra qaya parçaları və sonda isə ərazidə tikilmiş evlər sürüşəcək.