BAKI, 22 oktyabr — Sputnik. "Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalının müvəqqəti olaraq gömrük rüsumundan azad edilməsinin bu növ benzinin qiymətinin aşağı düşməsinə səbəb olacağı gözlənilmir". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur: "Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Aydındır ki, 3 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyil. İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var".
Ekspert yazıb ki, digər tərəfdən, güzəştlərin çox qısa müddəti, yalnız 3 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır: "Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 3 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək".
Qeyd edək ki, Aİ 92 markalı benzinin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib. Aİ 92 markalı benzin üçün gömrük rüsumu 15 faiz idi. Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Bu qərar 2018-ci ilin 1 oktyabrından tətbiq edilir və 90 gün müddətində qüvvədədir.