BAKI, 21 oktyabr — Sputnik. Zaqatala rayonunda baş vermiş kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzlərindən birində qeydə alındığı ehtimal edilir.
“Report”un məlumatına görə, zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-nin Yolxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər ötən gün axşam saatlarında rayonun Qazangül inzibati ərazisində fəaliyyət göstərən “Hope Lake” ailəvi istirahət mərkəzində olublar.
Onlar ailəvi istirahət mərkəzində xəmir xörək və digər qidalar qəbul ediblər. Ailə evə qayıtdıqdan sonra onlarda zəhərlənmə əlamətləri biruzə verib.
Beləliklə, 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.