BAKI, 19 oktyabr — Sputnik. Oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun, onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncu qətlə yetirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar zamanı Aqşin Astanovun Natiq Gülbalayevin meyitini həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda aşkarlanıb.
Cinayət törədilərkən istifadə edilmiş "TOZ-12" markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.