Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 19 oktyabr — Sputnik. Kəşfiyyatçı, "Azərbaycan bayrağı" ordenli İbad Hüseynov 18 oktyabr — Azərbaycanın Dövlət Müstəqilliyi Günündə Bakıda təntənəli şam ziyafəti təşkil edib. Tədbirə rusiyalı ekspertlər Yevgeni Mixaylov və Anna Maksimova, Azərbaycanın ictimai xadimləri, Qarabağ müharibəsinin veteranları və jurnalistlər qatılıb.
Tədbiri giriş sözü ilə Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov açıb.
Daha sonra ekspertlərə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətilərinə, Azərbaycan və Rusiya KİV-lərində, eləcə də cəmiyyətdə öz mövqelərini ifadə etdiklərinə görə, təşəkkürnamə təqdim edilib.
Təltifetmə mərasimində çıxış edən Anna Maksimova dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib və qeyd edib ki, ilk dəfədir Azərbaycana gəlir. Onun ölkəmizlə bağlı çoxlu təəssüratları var. Eyni zamanda Maksimova cəbhə bölgəsində də olub və orada Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı barədə həqiqətləri öz gözləri ilə görüb.
"Bizim içərisində olduğumuz siyasi vəziyyət bu cür davam edə bilməz. Uşaq və qadınları öldürməyi dayandırmaq lazımdır" — deyən Maksimova hamıya sülh və tərəqqi arzulayıb.
Təqdimat mərasimindən sonra Yevgeni Mixaylovun yeni Rusiya-Türkiyə münasibətlərinə, bu münasibətlərə Azərbaycanın və şəxsən İbad Hüseynovun verdiyi töhfələrə həsr olunmuş "Sülhə doğru yol, yaxud çaqqalsız meşə olmaz" filmi təqdim edilib.
Mixaylov öz filmini təqdim edərkən onu Azərbaycanın Dövlət Müstəqilliyi Gününə və İbad Hüseynovun ad gününə (Hüseynov da 18 oktyabrda anadan olub-red.) qədər çatdırmağa çox çalışdığını bildirib.
"Mənə elə gəlir ki, film uğurlu alınıb. Bunu Rostov və Krasnodarın erməni əsilli "divan döyüşçüləri"nin sosail şəbəkələrdəki narazılıqlarla dolu rəyləri də təsdiqləyir" — deyə ekspert bildirib. Onun sözlərinə görə, filmə adekvat münasibət bəsləyən normal ermənilər də olub və onlar sivil şəkildə öz fikirlərini bildiriblər.
"Qarabağ Azərbaycana geri qaytarılmalıdır. Bunu ermənilər özləri də çox gözəl başa düşürlər. Onlar əvvəl necə pis vəziyyətdə yaşayırdılarsa, indi də elə yaşayırlar. Əgər onlar bu müharibədən sonra sülhə doğru addım atmağa özlərində təpər tapsalar, onda Azərbaycanın sayəsində onların da iqtisadiyyatı inkişaf edəcək və adam kimi yaşamağa başlayacaqlar" — deyə Mixaylov öz çıxışında bildirib.
Filmin nümayişindən sonra Mixaylova Azərbaycan-Rusiya münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə və Azərbaycan Respublikasına hörmətlə yanaşmasına görə minnətdarlıq ifadə edilib.
İbad Hüseynov isə öz növbəsində təntənəli şam ziyafətində iştiraka görə qonaqlara, Azərbaycanın mənafelərinə xidmət edən ictimai xadimlərə minnətdarlığını bildirib.