BAKI, 18 oktyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru Novruzov Mehman Yusif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sputnik Azərbaycan-ın oxu.az-a istinadən xəbərinə görə, o, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal etməkdə ittiham edilir.
Belə ki, “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub.
Burada o, 5 milyon 539 min manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.
Bu yolla M.Novruzovun qaçaqmalçılıq edərək dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.
Onun barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbiri seçilib.
M. Novruzovun cinayət işi materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.