CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc azərbaycanlı müəllimdən innovasiya

© Sputnik / Anar MustafayevHistory of Azerbaijan dərsliyi
History of Azerbaijan dərsliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın gənc orta məktəb müəlliminin ingilis dilində əlavə dərs vəsaiti çapdan çıxıb.

BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanın gənc orta məktəb müəlliminin ingilis dilində əlavə dərs vəsaiti çapdan çıxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Modern Təhsil Kompleksində (Baku Modern School) tarix və coğrafiya müəllimi Türkan Vəlilinin VI-VII siniflər üçün hazırlanmış "History of Azerbaijan" əlavə dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Türkan Vəlili Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olub. "History of Azerbaijan" əlavə dərs vəsaiti də bu qrant müsabiqəsi çərçivəsində işıq üzü görüb.

Kitabın təqdimat mərasimində Təhsil Nazirliyinin, ölkənin nüfuzlu orta məktəblərinin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak edib. Təhsil Nazirliyinin əməkdaşları sözügedən kitabı təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin töhfəsi adlandırıblar. Qeyd ediblər ki, bu müsabiqələr Azərbaycanda təhsilin inkişafında, innovasiyaların tətbiqində, savadlı kadrların üzə çıxarılmasında önəmli rol oynayır. Orta təhsil müəssisəsinin müəlliminin belə bir kitabı ərsəyə gətirməsi isə, təhsilimiz adına böyük uğurlara gedən yolun başlanğıcıdır.

© © Foto T.Vəlili tərəfindən təqdim olunubOrta məktəb müəllimi Türkan Vəlili
Orta məktəb müəllimi Türkan Vəlili - Sputnik Azərbaycan
Orta məktəb müəllimi Türkan Vəlili

Türkan Vəlili sözügedən kitabın ərsəyə gəlməsində verdikləri dəstəyə görə Təhsil Naziliyinə, ona bu işdə yorulmadan kömək edən ailə üzvlərinə və dostlarına təşəkkürünü bildirib.

"History of Azerbaijan" əlavə dərs vəsaitində Azərbaycan ərazisində ilkin insan izlərindən başlamış daş və tunc dövrləri, ən qədim şəhərlər və dövlətlər haqqında məlumat verilib. Burada qədim tarixin izləri, əski yaşayış məskənləri olan mağaralar, ilk əmək alətləri və məişət əşyaları, eləcə də Azərbaycan ərazilərində mövcud olmuş dövlətlər, onların mədəniyyəti, qonşu dövlətlərlə münasibətləri, tarixi şəxsiyyətlər və s. barədə ətraflı məlumatlar yer alıb. Kitabda predmetlər üzrə müvafiq ev və test tapşırıqları da verilib.

Qeyd edək ki, Türkan Vəlili Xəzər Universitetinin bakalavr bölümünü bitirib. Hazırda pedaqogika tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alır. Bakı Modern Təhsil Kompleksində ingilis dilində tarix və coğrafiya fənnlərindən dərs deyir.

"History of Azerbaijan" müəllifin ilk kitabıdır və Azərbaycandakı ingilis bölməsi olan orta məktəblər üçün nəzərdə tutulub.

Xəbər lenti
0