BAKI, 18 oktyabr — Sputnik. Basqal qəsəbəsində kəlağayı istehsalı yenidən canlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən Milli Turizm Sammitində deyib.
O qeyd edib ki, bu qəsəbənin bir çox sakinləri zamanla oranı tərk ediblər.
"Biz hər şeyi edəcəyik ki, orada davamlı inkişafın təməli qoyulsun və insanlar daha yaxşı həyat axtarışına çıxaraq doğma yerlərini tərk etməsinlər, orada qalıb bizneslə məşğul olsunlar" — deyə Senqstşmid bildirib.
Qeyd edək ki, Basqal qəsəbəsi İsmayıllı rayonunda yerləşir. Ora özünün qədim tarixi və təkrarsız təbii gözəlliyi ilə məşhurdur. Burada orta əsrlərdə tikilmiş məscid, XVI əsrə aid hamam var. Qəsəbə dövlət tarix-mədəniyyət qoruğudur və dövlət tərəfindən qorunur.
Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Birinci Milli Turizm Sammiti keçirilib.
Tədbirdə turizm sahəsi üzrə dövlət qurumları və diplomatik nümayəndəliklərin, yerli və xarici şirkətlərin, eləcə də KİV-in 1500-dək nümayəndəsi iştirak edib.