BAKI, 18 oktyabr — Sputnik. Vergilər Nazirliyi aksiz postlarının fəaliyyətinin ilkin nəticələri ilə bağlı məlumat yayıb. Bu barədə Sputnik Azərbaycan-a Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin şöbə rəhbəri Tural Vəliyev məlumat verib.
O, qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə həyata keçirilən monitorinqlər, həmçinin aparılmış vergi nəzarəti tədbirləri zamanı bu sahədə ciddi qanun pozuntularının olması, o cümlədən cinayət tərkibli əməllərə yol verilməsi, alkoqollu içkilərin böyük həcmdə qanunsuz dövriyyəsinin və külli miqdarda vergidən yayınma hallarının mövcud olması ilə bağlı faktlar qeydə alınıb.
"Təkcə 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib, 619 min manatdan yuxarı alkoqollu içkilərin satışının nağd qaydada aparıldığı müəyyən edilib (qanunvericiliyə əsasən, aksiz markası ilə markalanmalı məhsulları, pərakəndə satış istisna olmaqla, nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma cinayət məsuliyyəti yaradır) qanun pozuntuları ilə bağlı 34 cinayət işi başlanıb" –deyə o bildirib.
T. Vəliyev qeyd edib ki,məlumat verildiyi kimi, göstərilən halların qarşısının alınması məqsədilə bu ilin avqust ayından alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz — nəzarət postları fəaliyyətə başlayıb.Aksiz postlarının fəaliyyəti, qanunsuz məhsullarının daxili bazarda satışının qarşısının alınması, vergi ödəyicilərinin fəaliyyətində uçotun və nəzarətin bərpa edilməsi nəticəsində müəssisələrin istehsal və satış həcmləri ilə bağlı real mənzərə müəyyən olunmağa başlayıb: "Xüsusilə arağın istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə, əksinə 2018-ci ilin yanvar-iyul aylarının orta aylıq göstəricilərinə nisbətən müvafiq həcmdə aşağı düşüb.Aksiz-nəzarət postlarının tətbiqi nəticəsində həm də dövlət büdcəsinə hesablanan vergilər artıb. Spirtli içkilərin öz təyinatına uyğun olaraq bəyan edilməsi nəticəsində cari ilin orta aylıq və iyul ayı göstəriciləri ilə müqayisədə istehsalçılar tərəfindən hesablanmış aksiz vergisi və ödənilmiş vergi məbləği 60%-dən çox artıb".
Yaranmış vəziyyətlə əlaqədar Vergilər Nazirliyi İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərini məlumatlandırıb. Sentyabrın 22-də Vergilər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, habelə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə iri şərabçılıq şirkətlərinin iştirakı ilə görüş keçirilib.
Bununla yanaşı, Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına bir daha xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırılır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.
Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.