Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vergi sistemindəki islahatlar özündə nələri ehtiva edir - İki prioritet istiqamət

© Sputnik / Murad OrujovБанковские операции. Архивное фото
Банковские операции. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq deyil, mənfəət vergisi ödəyicisi olmaq daha sərfəlidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. ""2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" dövlət başçısının 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Proqramda vergi sistemində islahatların aparılması nəzərdə tutulur. İslahatlardan biri də sadələşdirilmiş verginin (SV) diferensial əlavə dəyər vergisi (ƏDV) ilə əvəz olunmasıdır".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, hökumət sadələşdirilmiş vergi ilə bağlı 2 istiqamətdə dəyişiklik aparmaq niyyətindədir: "Birincisi, kiçik sahibkarlar üçün sadələşdirilmiş vergi qalır, amma, bu, orta sahibkarlar üçün deyil. Yalnız kiçik sahibkarlar üçün belə vergi güzəşti tətbiq olunacaq. Bu halda sadələşdirilmiş verginin dövriyyəsinə baxılaraq azaldılması mümkündür. Dövriyyəsi nisbətən kiçik olan sahibkarlar sadələşdirilmiş vergidən istifadə edəcəklər".

"Kiçik sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsi 4 faizdən 2 faizə endirilə bilər. Amma bu, orta sahibkarlar üçün deyil. Bu, kiçik sahibkarlar üçün əlçatan olacaq və ya kiçik sahibkarların dövriyyəsinə tətbiq ediləcək" — deyə Bayramov vurğulayıb.

Ekspertin sözlərinə görə, ikinci istiqamətdə orta sahibkarlıq daxil olmaqla, digər sahibkarlıq subyektləri üçün diferensial ƏDV tətbiq ediləcək: "Diferensial ƏDV-nin tətbiqi zamanı həm də sahibkarın hansı sektorda fəaliyyət göstərdiyi nəzərə alınacaq. Bir sıra, xüsusilə prioritet sektorlarda aşağı dərəcəli ƏDV tətbiq ediləcək. Nəticədə orta sahibkarlar ƏDV ödəyicisinə çevriləcək. Amma onlar 18 faiz deyil, dövriyyəsindən asılı olaraq daha aşağı faizli ƏDV ödəyəcəklər. Nəticədə ƏDV ödəyicisi olmasına baxmayaraq, aşağı faizli ƏDV dərəcələri ilə ödəniş edəcəklər".

"Kiçik sahibkarlar üçün sadələşdirilmiş vergi saxlanılacaq və daha aşağı faiz tətbiq olunacaq. Amma orta sahibkarlar daxil olmaqla digər sahibkarlıq subyektləri dövriyyəsindən və işlədiyi sektordan asılı olaraq diferensial ƏDV ödəyicisinə çevriləcək" — deyə iqtisadçı qeyd edib.

İqtisadçı-ekspert Radil Fətullayev isə Sputnik Azərbaycan-a deyib ki, ölkədə 600 minə yaxın kiçik sahibkarlıq subyekti var: "Burada VÖEN-i olan fiziki şəxslərdən söhbət gedir. Bunlar işçisi olmayan bu və ya digər sahədə müxtəlif xidmətlər göstərən şəxslərdir. Hazırda onlar sadələşdirilmiş vergi ödəyiciləridir. Bunların sadələşdirilmiş vergi ödəyicisi olaraq qalmaları çox zəruridir. Çünki onlar da mənfəət vergisi ödəyicisi olsalar, birdən-birə onların vergiləri 4 faizdən 20 faizədək qalxa bilər. Belə olsa, işsizliyin sayı arta bilər. Ona görə də kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş verginin tətbiqi lazımdır".

© Sputnik / Murad Orujovİqtisadçı-ekspert Radil Fətullayev
İqtisadçı-ekspert Radil Fətullayev - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Radil Fətullayev

İri sahibkarlıq subyektlərinə gəldikdə isə, ekspert deyib ki, vergi qanunvericiliyinə görə, dövriyyəsi illik 200 min manatadək olan şəxslər ƏDV ödəyicisi olmadan mənfəət və gəlir vergisi ödəyicisi ola bilərlər: "Onların bəziləri ilkin sahibkarlıq fəaliyyətinə başlayanlardır ki, ilk 3 ildə xərc çəkirlər, amma sonra gəlir əldə edirlər. Onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq deyil, mənfəət vergisi ödəyicisi olmaq daha sərfəlidir".

"Qanunvericiliyə görə, dövriyyəsi ardıcıl 12 ay ərzində 200 min manatı keçəndən sonra ƏDV ödəyicisi olmaq məcburiyyəti var. Dövriyyəsi 200 min manatadək olanlara kiçik sahibkarlıq subyekti demək olar" — deyə R.Fətullayev vurğulayıb.

Qeyd edək ki, son zamanlar sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklifi müzakirə olunur. Bu istiqamətdə həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə müxtəlif təkliflər səslənir.

Xəbər lenti
0