BAKI, 17 oktyabr — Sputnik. "Məlum olduğu kimi, Prezidentin 19 aprel 2018-ci il tarixli, №1 Fərmanı ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə verilməsi nəzərdə tutulan birdəfəlik ödəməni şəhid polislərimizin vərəsələri ala bilmirlər".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sığorta şirkəti bu şəhidlərə birdəfəlik ödəmənin verilməsindən imtina üçün qanunvericilikdə "hərbi qulluqçu"ya verilən normativ analyışdan çıxış edirlər və deyirlər ki, polis işçiləri hərbi qulluqçu sayılmırlar.
"Amma ədalətsizlik və qanunun hərfi mənasından sui-istifadə göz qabağaındadır. Hesab edirəm ki, bu problem ən yaxın vaxtda həll edilməlidir (ümid edirəm ki, belə də olacaq). Problemin həlli üçün, məncə, 2 variant var. Ən sadə variant istinad etdiyim Fərmana şəhid polisləri də ehtiva edən düzəliş edilməsidir. Əslində gərək bu Fərmanın layihəsini hazırlayanlar bəhs olunan problemi qabaqcadan görəydilər və elə ifadə yazaydılar ki, belə olmayaydı. Hətta ƏƏSMN də aradan keçən müddət ərzində düzəliş üçün təklif verə bilərdi. Amma şübhəsiz ki, indi də gec deyil" — Ə.Hüseynov bildirib.
Hüquqşünas əlavə edib ki, problemin ikinci həlli isə odur ki, fərmanın indiki mətninə rəsmi təfsir verməklə də bunu etmək (şəhid polislərin vərəsələrinə ödəmə etmək) mümkündür: "Cox sadə bir yanaşma olmalıdır: əlinə silah alıb döyüşən hər kəs hərbi qulluqçu statusu qazanır, onun döyüşdən əvvəl polis və ya mülki adam olması ikinci dərəcəli məsələdir".
"Axı polisin statusuna dair qanunvericiliyə diqqətlə baxsaq (hazırda qüvvədə olan "Polis haqqında" Qanunun 3-cü maddəsi,) görərik ki, polisin birbaşa funksional təyinatında və vəzifələrində ölkənin ərazi bütövlüyü uğrunda döyüşdə iştirak yoxdur. Polisin bu işə cəlb edilməsi səfərbərliyin xüsusi bir halıdır" — ekspert vurğulayıb.
"Ona görə də əlində silah Silahlı Qüvvələrə qoşulub ərazi bütövlüyü uğruda döyüşən polis avtomatik olaraq hərbi qulluqçu statusu qazanmış sayılmalıdır. Ümid edirəm ki, bu problem ən yaxın vaxtda həll ediləcək. Unuda bilmərik ki, düşmənlə döyüşdə ilk şəhidlərimiz sıralarında xeyli polis məkdaşları olub" — Hüseynov əlavə edib.