BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 18-də Bakı Konqress Mərkəzində Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti baş tutacaq. ATB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə Azərbaycanın yeni milli turizm brendinin, loqosunun və şüarının geniş ictimaiyyət üçün təqdimatı olacaq, gələcək planlar və layihələr, qlobal və regional bazarlarda aparılacaq marketing strategiyası haqqında məlumat veriləcək.
Dövlət orqanlarından, diplomatik nümayəndəliklərdən, turizm sahəsinin əsas iştirakçılarından, yerli və xarici şirkətlərdən, kütləvi informasiya vasitələrindən 1500-dən çox iştirakçının təmsil olunacağı sammitdə eyni zamanda Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosununun kollektivi də təqdim ediləcək.
Qeyd edək ki, yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək "Dünya Səyahət Bazarı" (London WTM) sərgisində baş tutacaq.