BAKI, 14 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, dünən Şabran rayonunda 18 yaşlı oğlan ov zamanı güllələnib.
İlkin xəbərdə Şabran rayon Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Şıxəliyev Mahir Məmmədi oğlunun ehtiyatsızlıq səbəbindən özünü vurması bildirilirdi.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, güllələnmə hadisəsi ilə bağlı xəbər dəqiqləşdirilib. Belə ki, Şabran Rayon Prokurorluğunda aparılan araşdırma zamanı məlum olub ki, Mahir Şıxəliyev öz həmkəndlisi və dostu, 2003-cü il təvəllüdlü Bağırov Elçin Gülbaba oğlu tərəfindən vurulub.
Hər iki dost ov edib və M. Şıxəliyev ovladıqları quşu bişirən zaman dostu Elçin Bağırov tüfənglə məşğul olub. Bu zaman onun barmağı tətiyə ilişib, 6-7 metr məsafədən dostunun üz nahiyəsinə atəş açıb.
M. Şıxəliyev xəstəxanada dünyasını dəyişib.
Hazırda olayla bağlı araşdırma aparılır.