BAKI, 13 oktyabr – Sputnik. İmişlidə fermer təsərrüfatında dördbuynuzlu qoyunlar yetişdirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, İmişli rayonunun Hacıalmuradlı kəndində uzun illərdir ki, qoyunçuluqla məşğul olan İbadət İbayevin təsərrüfatında ənənəvi olmayan 4 buynuzlu qoyunlara da rast gəlinir. Qoyunçuluqla məşğul olan ailə öz sürülərini tez-tez yaylaqlara — əsasən Qarabağ bölgəsinə apardıqlarından təsərrüfatda saxladıqları və yetişdirdikləri 4 buynuzlu qoyunların məhz Qarabağ növü olduğu bildirilir. Yerli növlərdə qoçların buynuzları buruq formasında olsa da, bu növ qoyunlarda buynuzların ikisi keçi buynuzu kimi dik, digər ikisi isə yana əyilmiş formada çıxır. Bu da onlara əlavə gözəllik verir.
Təsərrüfat sahibi İbadət İbayev deyir ki, dördbuynuzlu qoyunların bazarda qiyməti çəkisinə görə 250-400 manat arasında dəyişir. Onların həm yaraşıqlı olması, həm də tez çəki yığması digər yerli qoyun növlərinə görə daha tez formalaşır. Biri bəzən 45-50 kq ət verə bilir.
Lakin onların yerli qoyunlarla bir yerdə saxlamaq elə də məqsədəuyğun sayılmır. Çobanlar qeyd edir ki, bu növlərin döyüşkən və iri buynuzlu olması digər qoyunların tez-tez xəsarət almasına səbəb olur. Odur ki, yerli təsərüfatlarda onlardan çoxlu sayda saxlamaq olmur.