BAKI, 12 oktyabr — Sputnik. 2018-2019-cu tədris ilindən etibarən Azərbaycanın cənub bölgəsində talış dili tədris olunacaq. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar Lerik, Lənkəran, Astara və Masallı rayonlarnın təhsil şöbələri tərəfindən orta məktəblərə göstəriş verilib.
Əldə etdiyimiz məlumata əsasən, bir neçə il əvvələ qədər etnik xalqların dilləri (talış, ləzgi, avar və s.) onların yaşadığı bölgələrdə yerləşən bir sıra məktəblərdə 4-cü sinifə qədər tədris olunurdu. Lakin bir neçə il əvvəl bəzi məktəblər daxili qərarla bu fənnin tədrisini ləğv eləmişdilər. Və bu ildən etibarən həmin rayonların təhsil şöbələrinin xüsusi göstərişi ilə fənnin tədrisi yenidən bərpa olunub.
Xüsusi ilə Lerik, Lənkəran, Astara və Massalı rayonlarının talışların yaşadığı ərazilərində yerləşən orta məktəblərdə 2018-2019 tədris ilindən etibarən talış dili fənni tədris olunacaq.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirildi ki, milli azlıqların dillərinin orta məktəblərdə tədrisi sovet dövründə də olub.
"Bu, yenilik deyil. Hələ sovet dövründən ölkədə olan milli azlıqlar nəzərə alınaraq, gürcü dili, ləzgi dili, talış və digər milli azlıqların dili məktəblərdə tədris edilir. Hazırda həmin dillərin tədrisi davam etdirilir" — deyə TN-dən vurğulandı.