İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən "ASAN ödəniş" sistemi yaradılıb. "ASAN ödəniş" sisteminin məqsədi inzibati xəta haqqında elektron protokolun və ya qərarın vətəndaşa elektron qaydada göndərilməsini, inzibati cərimələrin elektron qaydada ödənilməsini təmin etməkdir.
Vətəndaş asanpay.az saytında qeydiyyatdan keçməklə hər bir sürücü üçün sistemdə yaradılmış elektron kabinet vasitəsilə ona tətbiq olunan inzibati tənbehlərlə bağlı detallı və hərtərəfli məlumatlarla (protokollar, qanun pozuntuları ilə bağlı foto və video görüntülər və s.) tanış olmaq imkanı əldə edir. Yəni Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat sistemində bütün sürücülər haqqında elektron məlumatlar var.
Maraqlıdır, belə olduğu halda, sürücü üzərində sürücülük vəsiqəsi gəzdirməyə məcburdurmu? Və ya Yol Patrul Xidməti (YPX) əməkdaşı üzərində sürücülük vəsiqəsi olmayan sürücüyə sürücülük hüququ olmadan avtomobil idarə etmə maddəsi ilə cərimə tərtib edə bilərmi?
Ziddiyyətli məqamı Sputnik Azərbaycan-a şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Dövlət Yol Polisi İdarəsinin Mərkəzi məlumat sistemində sürücülük vəsiqəsinin qüvvədə olub-olmaması, cərimələr, cərimələrin tarixçəsi, qısacası hər bir detal saxlanılır. Asanpay.az saytında kabineti olan bütün sürücülər öz cərimələri haqqında məlumatlar əldə edə bilirlər.
E.Muradlı düşünür ki, sürücülərin üzərində sürücülük vəsiqəsi gəzdirmək məsələsi bu gün üçün çox da önəmli, zəruri məsələ deyil: "Amma "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinə görə, hər bir sürücü nəqliyyat vasitəsinə aid olan sənədləri – texniki pasportu, buraxılış sənədini (varsa), etibarnaməni (varsa) və sürücülük vəsiqəsini üzərində saxlamalıdır. Yol polisi hər hansı bir sürücünü saxladıqda özünü aydın şəkildə təqdim edib, qayda pozuntusunu aydın şəkildə izah etməlidir. Ancaq bundan sonra sürücü bu sənədləri yol patrul xidməti əməkdaşına təqdim etməlidir".
"Bununla yanaşı, sürücülük vəsiqəsinin və ya etibarnamənin sürücünün üzərində olmaması heç nəyi dəyişmir. Çünki təkcə şəxsiyyət vəsiqəsinin olması bəs edir ki, yol patrul xidmətinin əməkdaşı bort kompüter vasitəsilə sürücü haqqında məlumat əldə edə bilsin. Lakin, dediyim kimi, qanun tələb edir ki, bütün sənədlər sürücünün üzərində olsun" – Muradlı əlavə edib.
Ekspert bir məsələni də qeyd edib ki, əksər sürücülər sürücülük vəsiqəsinin istifadə müddətinin nə zaman bitdiyindən belə, xəbərsiz olurlar: "Yalnız yol patrul xidmətinin əməkdaşları saxlayan zaman bort-kompüter vasitəsilə baxır ki, sürücülük vəsiqəsinin müddəti bitib. Belə problem olan zaman bəzən yol polisi əməkdaşları sürücüyə xəbərdarlıq edərək buraxır. Bəzən isə 100 manat cərimə yazaraq, avtomobili cərimə meydançasına aparırlar. Bu, qanunun tələbidir. Sürücüləri də qınamaq olmur. Bəzən insanların yadında qalmır. Yaxşı olardı ki, sürücülük vəsiqəsinin müddətinin bitməsi barədə sürücülərə elektron formada məlumat verilsin".
"Sürücülərin sürücülük vəsiqəsini hər hansı bir formada üzərində gəzdirməsi artıq mahiyyətini itirdiyi üçün "Yol hərəkəti haqqında" Qanunda bununla bağlı dəyişiklik etmək lazımdır. Əgər sürücünün üzərində sürücülük vəsiqəsi yoxdursa, çox zaman yol patrul xidməti əməkdaşları sürücüyə problem yaratmır. Çünki bütün respublika ərazisində yol polisləri bort-kompüter vasitəsilə fəaliyyət göstərir" – E.Muradlı vurğulayıb.
Hüquqşünas Fərid Həmidli isə Sputnik Azərbaycan-a bildirib ki, sürücülük vəsiqəsinin müddəti bitdiyi, ümumiyyətlə, sürücülük vəsiqəsi olmadığı zaman sürücülər cərimə edilə bilər: "Əgər vəsiqə sürücünün yanında deyilsə, Yol Patrul Xidməti əməkdaşı bort-kompüter vasitəsilə onun kimliyini müəyyən edə bilər. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur".
Hüquqşünasın sözlərinə görə, çox zaman yanında sürücülük vəsiqəsi olmayan sürücülər İnzibati Xətalar Məcəlləsinin 332.2 maddəsi üzrə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) 100 manat məbləğində cərimə edilirlər: "Sürücünün üzərində vəsiqənin olmaması onun sürücülük hüququnun olmaması demək deyil".
"Vəsiqənin hardasa unudulmasına görə bu maddə ilə cərimənin tətbiq edilməsi düzgün deyil. Amma çox zaman polislər güzəştə gedir, xəbərdarlıq edərək, sürücünü cərimə tətbiq etmədən buraxırlar" — hüquqşünas vurğulayıb.
F.Həmidli onu da əlavə edib ki, vəsiqənin sürücü üçün xüsusi ağırlığı olmadığına görə, sənədlərin arasında saxlanıla bilər: "Hər bir halda, xarici ölkələrə gedən zaman lazım olur. Həmçinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir".
Hüquqşünas Ərşad Hüseynov da sözügedən məsələni şərh edib. Onun sözlərinə görə, sürücülük vəsiqəni gəzdirmək məcburidir, amma heç kəs vəsiqəsi üstündə olmadığına görə cərimələnə bilməz.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, sürücülük vəsiqəsənin sürücünün üzərində olub-olmaması məsələsinə gələcəkdə parlamentdə baxıla bilər: "Hüquqi tətbiqin özü ictimai prosesdir. İctimai prosesin ən vacib tərəfi onun tədrici olmasıdır. İctimai proses texniki proses deyil ki, bir düyməni basasan, işə düşə, digərini basasan, dayana. Bu, tədricən baş verir".
"Sizə elektron protokolların tətbiq edilməsi ilə bağlı bir misal çəkim. Biz əvvəlcə sürücünün iştirakı olmadan elektron protokolların tətbiqini radara düşmə ilə bağlı qanunverciliyə daxil etmişdik. Amma mən həmişə deyirdim ki, tıxac zamanı qarşı yola çıxan sürücülər də kameraya düşür. Onlar haqqında da elektron protokol tətbiq edilməlidir. O zaman mənimlə çox adam razılaşmadı ki, sürücünün iştirakı olmadan olmaz. Amma bu məsələ də qanunverciliyiə daxil edildi. Texniki vasitələr o qədər inkişaf edib ki, artıq qayda pozuntuları zamanı elektron protokolların tərtib edilməsi üçün sürücünün iştirakına ehtiyac yoxdur" — deyə millət vəkili bildirib.
R.Cəbrayılov əlavə edib ki, sürücünün sürücülük vəsiqəsi varsa, həmin vəsiqə ondan inzibati qaydada alınmayıbsa, bir ehtimal qalır: "Deməli, itirilib. Sürücülük vəsiqəsi itirilibsə, yenidən alınmalıdır. Belə hallar zamanla nəzərə alınacaq. Bilirisiniz, qanun ictimai prosesləri qabaqlayanda və ya ictimai proseslərdən geri qalanda yaxşı nəticə vermir. Hər hansı bir halın qanuna daxil edilməsi üçün sosial sifarişə ehtiyac var. Məsələlər oturuşandan sonra qanun qəbul edilir. Bu məsələ də gündəmə salına bilər".