Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 10 oktyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı taekvandoçu Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi aparılıb.
Zərərçəkmiş idmançı Fəridə Əzizova məhkəmədən sonra Sputnik Azərbaycan-a açıqlama verib. O məhkəmə prosesinin gedişatından razı qaldığını bildirib.
Həmçinin evini qarət edənləri bağışladığını deyib: “Mənə 14 min manat borcları var idi. Nərgiz Fərəcovanın anası dünən borcun 8 min manatını qaytardı. Qalan 6 mindən 3 minini onlara bağışladım. Yerdə qalan 3 min manatı qaytarmaq üçün isə borc müqaviləsi bağladıq. Onu da 30 noyabra kimi qaytaracağına söz verdi”.
İdmançı qeyd edib ki, əli zədələnib və əməliyyat olunması üçün bu pula ehtiyacı var: “İki həftədir barmağım qırılıb. O vəziyyətdə məşq edirəm. Yarışa yollanırıq. Orada zədəm güclənsə, əməliyyat olunmalı olacam. Ona görə də mənə bu pul lazım idi. Mən məhkəmədə ərizə yazdım və qane olduğumu bildirdim”.
Qeyd edək ki, Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən, içərisində 67 min manata yaxın pul olan seyfi oğurlanmışdı.