Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 10 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Bakıdakı Ukrayna meydanında bir kişi özünü yandırıb.
Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsinin 35-ci bölməsindən məlumat verilib.
Hələlik yalnız o məlumdur ki, özünü yandıran şəxs 57 yaşlı paytaxt sakini Kononov Aleksandr Sergeyeviçdir. O, öz üzərinə kerosin tökərək yandırıb. Kişi ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Məlumata görə, Kononovun dərisinin 60-70 faizi yanıb.
Xətai rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində və xəstəxanada olublar. Onlar hadisənin baş vermə səbəbini və şəraitini ayırd etməyə çalışırlar. İntiharın səbəbi barədə hələlik heç kim heç nə deməyib.