BAKI, 10 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana və Azərbaycana səfər edəcək. Bu barədə erməni politoloq Suren Sarkisyan məlumat yayıb.
Onun sözlərinə görə, səfər müşavirin öz təşəbbüsü ilə baş tutacaq: "Vaşinqtonun ən nüfuzlu şəxslərindən biri iki həftə sonra Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Ermənistan üçün ikitərəfli münasibətlər baxımından unikal imkandır".
Sarkisyan, əmindir ki, erməni tərəfi "ciddi məsələləri" Bolton vasitəsilə həll edə bilər. O, bunu "öz ayağı ilə gələn nadir şans" kimi dəyərləndirib.
Ekspertlər bu məsələyə bir qədər fərqli yanaşırlar. Siyasi araşdırmaçıların fikrincə, adıçəkilən səfər Vaşinqtonun regionla bağlı ciddi planları ilə əlaqəli ola bilər. Lakin Bolton daha çox enerji daşıyıcıları və İranla bağlı sərt mövqeyinə görə tanınır. Odur ki, onun Cənubi Qafqaza səfəri zamanı bu məsələlərin müzakirə olunacağı istisna deyil.
C.Bolton İran məsələsində barışmaz mövqeyə sahibdir. Onu, həmçinin islamafob kimi səciyyələndirirlər. Lakin İrana və Rusiyaya qarşı sanksiyalar müəllifi kimi tanınan Boltonun Cənubi Qafqaza səfəri bölgə üçün önəmli hadisədir.
Ermənistana səfəri zamanı Bolton İrəvanın Suriyadakı humanitar missiyada iştirakını da müzakirə edə bilər. Ermənistan rusiyalı mütəxəssislərlə Suriyada humanitar əməliyyatlarda iştirak edəcək. İrəvanın məhz bu missiyada iştirakı ABŞ üçün həssas nöqtədir. Əgər İrəvanın bu qərarı qəti deyilsə, o zaman Bolton İrəvanı atdığı addımdan geri çəkilməyə razı salmağa çalışacaq. Bu, ABŞ-Ermənistan münasibətlərinə yenidən baxılması üçün müstəsna fürsətdir.
Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan ABŞ-la daha dərin əməkdaşlığa sahibdir və Bolton İrəvanla daha sərt tonda danışa bilər. Boltonun Ermənistana səfəri zamanı Paşinyanın yeni bəyan olunmuş siyasətini təbliğ etməyə çalışacaqlar. Təbii ki, Ermənistan bu məsələ ilə əlaqədar ABŞ-dan investisiya və yardım istəyəcək. Lakin bunun reallaşacağına ümid azdır.
Boltonun regiona səfərində əsas müzakirə mövzusunun ABŞ-ın bu ölkələrə yönəlik xarici siyasəti olacağı ehtimalı böyükdür. Bu mənada Boltonun Azərbaycana səfəri mühüm önəm kəsb edir. Avropanın enerji təminatının diversifikasiyası, Azərbaycanın bu məsələdə rolu, həyata keçirilən layihələrin indiki vəziyyəti və bununla bağlı perspektivlər, həmçinin Yaxın Şərq və ya ABŞ-ın İran siyasətində Bakının rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli perspektivləri onun Bakı səfəri zamanı müzakirə edilə bilər.
Bir sözlə, ABŞ üçün Azərbaycan daha önəmli ölkədir və Boltonun Bakıda aparacağı müzakirələr də bunu deməyə əsas verir. İstənilən halda, Trampın əsas strateqlərindən olan Boltonun səfəri sıradan bir hadisə deyil. Onun təhlükəsizlik məsələləri üzrə təcrübəli kadr olduğunu nəzər alsaq, səfərinin məqsədləri barəsində təsəvvür yarana bilər. Ehtimal olunur ki, ABŞ İranla qarşıdurmanı daha da dərinləşdirmək, hətta savaş həddinə çatdırmaqda qərarlıdır.
Bütün hallarda ABŞ prezidentinin özünün təhlükəsizlik məsələləri üzrə müşavirini regiona göndərməklə Cənubi Qafqazın onun üçün böyük əhəmiyyət daşıdığını göstərmək istəyir. Xüsüsən də, İran əleyhinə savaşda Vaşinqton İrəvanı razı salmaq niyyətindədir. Nikol Paşinyan Moskvaya dönük çıxmaqla yanaşı, anti-İran siyasəti də həyata keçirir. Paşinyan Ermənistan-İran sərhədini ABŞ-ın nəzarətinə verə biləcəyini dəfələrlə vurğulayıb.
Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayarsa və Ermənistan bu ölkə ilə öz sərhədini Birləşmiş Ştatların nəzarətinə verərsə, bu, Paşinyanla yanaşı, ölkəsinin də sonunu gətirə bilər. İstənilən halda, bu gün Paşinyanı ABŞ ideoloqları idarə edir və İrəvan sürətlə son dayanacağa yaxınlaşır.
Bu məsələdə Azərbaycan daha çevik siyasət yürüdə bilir. İran, Türkiyə, Rusiya və ABŞ Azərbaycanda layihələr həyata keçirir. Putinin Bakıya son səfəri Kremlin Qarabağ probleminin həlli üçün səy göstərməyə hazır olduğunu nümayiş etdirdi. Ayrıca, sentyabrın 28-də Düşənbədə dövlət və hökumət başçılarının sammitində İlham Əliyev və Nikol Paşinyanın bir araya gəlməsi və qısa müzakirə aparması, bunun ardınca cəbhə bölgəsində gərginliyin azalması da proseslərin müsbətə doğru yönələ biləcəyinə dair ümidlər yaradır.
Bunun nə qədər davam edəcəyi, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli üzrə üzərinə əlavə səylər götürərək, ABŞ və Fransanı arxa plana itələyən Rusiyadan asılıdır. Rusiyanın hazırki vasitəçiliyi Rusiya-Azərbaycan münasibətlərinin yeni dinamikası — həm dərinliyi, həm də davamlılığı üçün test ola bilər. Görünür, bunu Vaşinqtonda da anlayırlar və Boltonun bölgəyə səfəri həm də bu amillə bağlıdır…