BAKI, 10 oktyabr — Sputnik. Macarıstanın xarici işlər naziri Peter Siyyarto Budapeştin Rusiya ilə yaxınlaşmasına dair Avropa İttifaqının ittihamlarını əsassız adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu nazir "Der Standart" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, rəsmi Brüssel Moskva ilə daha sıx əlaqələrə malikdir, lakin bunu gizlədir: "Fərq bundadır ki, onlar üzdə dalaşmaqla böyük biznesi gizlətməyə çalışırlar".
Öz sözlərinin təsdiqi kimi Siyyarto bu yaxınlarda Avstriya baş naziri Sebastyan Kurtz və Vladimir Putin arasındakı görüşü xatırladıb: "Avropa İttifaqı yanlış istiqamətdə hərəkət edir. Avropa Komissiyasında ciddi dəyişikliklər olmalıdır, çünki hazırkı heyətdə onun nəticələri olduqca pisdir".
"2019-cu ildə Avropa İttifaqına üzv ölkələrin sayı ilk dəfə azalacaq, həmişə sabit olan transatlantik münasibətlər olduqca kövrək olub, son üç ildə Avropa İttifaqında 33 terror törədilib ki, nəticədə 300-dən çox insan həlak olub. Bütün bunlar hazırkı komissiyanın uğursuzluğunu göstərir" — macar nazir vurğulayıb.