BAKI, 9 oktyabr — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin redaktoru, yazıçı Natiq Məmmədlinin "Körpüdə ümid" romanı Türkiyədə işıq üzü görüb. "SahilKitap" Nəşriyyat Evi tərəfindən çap olunmuş kitabı türkcəyə çevirəni və redaktoru Qönçə Aydəmirdir.
Roman Azərbaycan dilində 2015-ci ildə Bakıda nəşr olunub. Həmin ildə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəsr nominasiyası üzrə "Qızıl Kəlmə" mükafatını qazanıb.
Ramanda hadisələr Ümidqovan adlı məkanda və bütün insanların arzularını həyata keçirən Ümid Piri ətrafında cərəyan edir. Qəflətən dili tutulan bir uşağı şəfa tapması üçün bura gətirirlər, üç gecə ziyarətgahda qalır, camaatın ağıldankəm hesab elədiyi Pirdəli ilə dostlaşır və maraqlı söhbətləri alınır. Əslində isə danışan onların dilləri yox, ürəkləri olur.
Arada tarixin də səsləri eşidilir. Min il geriyə qayıtmalı olursan, Pont hökmdarı Mitridatla Roma sərkərdəsi Pompeyin orduları Ümidqovanda üz-üzə gəlir. Təlaş içində olanları bir sual düşündürür, "kimə təslim olaq — Şərqə, yoxsa Qərbə". Nəhayət, dili tutulan uşağın insanların gizli məktublarını oxuması ilə pir müqəddəsliyini itirir.
Ümidqovan — körpü üstündə vətən deməkdir. Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir.