BAKI, 8 oktyabr — Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında millət vəkili Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.
Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili bu yaxınlarda dövlət başçısının fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının ləğv edildiyini deyib: "Palata iki ildir ki, fəaliyyət göstərir, ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki-üç dəfə İbrahim müəllimlə danışıram".
Millət vəkili bildirib ki, yeni rəhbərliklə müəyyən məsələləri müzakirə edə bilirlər: "Rəhbərlikdə normal insan olanda normal danışmaq olur. Yoxsa Rüfət Aslanlı özünə 65 min manat maaş yazdırmışdı. Dövlət başçısı onunla bağlı düzgün qərar verdi".
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Bu məsələ Prezident İlham Əliyevin oktyabrın 4-də təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb. Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.