Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 5 oktyabr — Sputnik. Müasir insanları internetsiz təsəvvür etmək mümkün deyil. Xüsusilə bəzi peşə sahibləri var ki, onların işləri məhz internet üzərində qurulub.
Amma ölkəmizdə bir çox provayderlərin fəaliyyəti müştərilərini qane etmir. Belə ki, ödəniş bitəndən 1 neçə dəqiqə sonra interneti kəsərək müştəriyə güzəştə getməyən internet provayderlər, bunun müqabilində heç də lazımi xidmət göstərmir.
Belə bir şikayətlə Sputnik Azərbaycan-a müraciət edən vətəndaş Tural Məmmədovun sözlərinə görə, bir müddət öncəcəyədək abunəçisi olduğu provayderin xidmətindən və təqdim etdiyi internetin keyfiyyətindən narazı qalaraq başqa provayderə müraciət edib: "Qərara gəldim ki, "Ailə TV"-yə keçim və təxminən 2 həftə əvvəl keçdim. Lakin elə ilk gündən problemlər başladı, az qala, hər gün mənzilimizə verilən internet kəsildi, günlərlə internetsiz qaldıq".
Vətəndaşın sözlərinə görə, ən acınacaqlısı isə, problemlə əlaqədar provayderin 920 "qaynar xətt" xidmətinin fəaliyyəti ilə bağlıdır: "Mən iş adamıyam, xanımım da, həmçinin. Gün ərzində evdə olmuruq. Axşam 7-dən sonra evə gəlirik və bəlli olur ki, internet yoxdur. Zəng edirəm ki, 920-yə ki, belə bir problemlə üzləşmişik. Standart və ağılasığmaz cavab verirlər: "Bizim texniki heyətin iş vaxtı saat 18.00-da bitir, indi heç bir kömək edə bilmərik, yalnız gündüz vaxtlarında problemin həlli mümkündür". Nə qədər izah etsən də ki, axı, gündüz evdə adam olmur, üstəlik niyə sizin nöqsanınız üzündən bu gecə internetsiz qalmalıyıq, təəssüfdən başqa heç bir cavab almırsan".
"İnanın, əsəblərimiz tamam korlanıb, hər gün bu problem üzündən stress yaşayırıq. Sanki, öz pulumuzla stress satın alırıq. Yaxşı, dərdini kimə deyəsən? Ümumiyyətlə, özəl provayderlərə nəzarət edən, nöqsanları aradan qaldırmalarını tələb edən, vətəndaşın şikayətini deyə biləcəyi bir qurum varmı. Belə çıxır ki, yoxdur və yoxdursa, biabırçılıqdır" — deyə vətəndaş bildirib.
Sputnik Azərbaycan şikayətlə bağlı "Ailə TV"-nin marketinq və PR meneceri Sabir Məşədizadə ilə əlaqə saxlayıb. Onun da cavabından belə məlum olub ki, şirkət 24 saat texniki xidmət göstərmək iqtidarında deyil.
"Təəssüf ki, bu, mümkün deyil. Belə-bir təcrübə heç bir kabel televiziyası operatoru və eyni zamanda, telekommunikasiya sahəsində xidmət göstərən operatorda tətbiq olunmur. Əgər abunəçinin internetində qeyri-iş vaxtı problem yaranarsa, növbəti iş günü əməkdaşlarımız yaxınlaşıb köməklik göstərirlər. Biz, eyni zamanda, şənbə-bazar və bayram günləri də çalışırıq".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz saytımıza şərhində bildirib ki, provayderlərdə yaranan problem təkcə bununla bitmir: "Məsələn, müqavilə ilə müştəriyə 2 meqabayt internet xətti verilməlidirsə, bundan az meqabayt verilir. Çünki provayderlər özləri "Delta Telekom" və "Azərtelekom"dan internet alır və müştərilərinə paylayır".
"Həmçinin, müştəri çox olduğundan provayder mərkəzdən aldığı interneti pik saatlarda paylayanda müştərilərin internetindən istifadəsində problem yaranır. Çünki provayder əsas provayderdən lazım olan qədər internet almır, əlində olan interneti isə daha çox müştəriyə satır. Nəticədə də bəzən pik saatlarda müştərilərin internetində problem yaranır, hətta internet saatlarla kəsilir" — O.Gündüz vurğulayıb.
"O ki qaldı pravayderlərin 24 saat xidmət göstərməməsinə, bu, doğru hal deyil. Əgər pravayder 24 saat internet satırsa, deməli müştərinin 24 saat servis xidməti də göstərməlidir. Əks halda onların göstərdikləri xidmət deyil. Provayderlər xidmətə başlayarkən, bunları nəzərə almalıdır. Əks halda, onların xidmətləri yarımçıqdır" — deyə ekspert əlavə edib.