BAKI, 4 oktyabr — Sputnik. “Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (KSQT) kiberhücuma cəhdə görə məsuliyyət daşımalıdır”. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis bildirib.
Onun sözlərinə görə, hücum cəhdi Rusiyanın beynəlxalq normalara hörmət etməməsinin göstəricisidir. Müdafiə naziri əlavə edib ki, baş verənlərə cəlb olunan ölkələr Moskvaya qarşı müxtəlif tədbirlər görmək hüququna malikdir.
Qeyd edək ki, Niderland bu ilin aprel ayında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (KSQT) kiberhücuma cəhd edən dörd rusiyalını ölkədən çıxardıb.
Niderland məmurlarının sözlərinə görə, ölkədən çıxarılan Rusiya vətəndaşları xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Məlumatda vurğulanır ki, onların diplomatik pasportları olub.
"BBC"-nin məlumatına görə, ruslar KSQT-nın məlumatlar bazasına daxil olmaq üçün içərisi casus aparatları ilə dolu olan avtomobili təşkilatın dinası yaxınlığında saxlayaraq, kəşfiyyat işi aparıb.
Məsələ ilə bağlı Rusiyanın Niderlanddakı müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya XİN-dən olan mənbə məsələyə münasibət bildirərək qeyd edib ki, heç bir sübutdan söhbət gedə bilməz.
Onun sözlərinə görə, Rusiya təşkilatın bütün strukturlarına üzvdür, onun bütün sənədlərə çıxışı var, ona görə də nəyəsə haker hücumu etməyə ehtiyac yoxdur: "Bu növbəti axmaqlıdır".