BAKI, 1 oktyabr — Sputnik. İndoneziyanın Sulavezi adasında baş verən və 800-dən çox adamın ölümünə səbəb olan dəhşətli zəlzələ və sunaminin nəticələri videoya çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, videonu "China Morning Post" yayıb.
Telefon, pilotsuz uçuş aparatları vasitəsilə çəkilən videoda dağılan və ya su altında qalan binalar, yerdə uzadılaraq üzəri örtülən meyitlər görünür.
Xatırladaq ki, 7,7 bal gücündə zəlzələ sentyabrın 28-də baş verib. Zəlzələ nəticəsində 3 min ev, eləcə də otellər, xəstəxanalar, ticarət mərkəzləri dağılıb. Təkanlardan sonra ada 2 metrlik sunaminin altında qalıb.
Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 842 nəfər ölüb. Amma ölənlərin qat-qat çox olacağı istisna edilmir.