BAKI, 30 sentyabr — Sputnik. Fələstin ABŞ-ı beynəlxalq anlaşmanı pozduğu üçün BMT-nin Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) verib.
Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, məsələ ilə bağlı BƏM-dən yazılı açıqlama gəlib. Açıqlamada deyilir ki, Fələstin ABŞ-ın beynəlxalq müqavilələrə riayət etməsinin lazım olduğunu bildirib və ABŞ-ın səfirliyinin Qüdsdən çıxarılması üçün məhkəmənin qərar çıxarmasını tələb edib.
Açıqlamada, Fələstinin ABŞ-ın Qüdsdə səfirlik açmasının 1961-cı ildə imzalanan Vyana Anlaşmasına zidd olduğu və bu səbəblə məhkəməyə müraciət etdiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl İsrailin baş naziri bütün ölkələri öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürməyi təklif edib. İsrail hökuməti, həmçinin öz səfirliklərini Qüdsə köçürən ilk 10 ölkəyə yardım edəcəklərini də bildirib.
Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.