BAKI, 29 sentyabr — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo Bəhreyn, Misir, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə görüşüb.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, görüşdə Yaxın Şərq Strateji Alyansı (MESA) adlı yeni hərbi blokun yaradılması müzakirə edilib. Yeni hərbi bloku "Ərəb NATO"su da adlandırırlar.
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib ki, Pompeo və xarici işlər nazirləri bölgədə rifah, təhlükəsizlik və sabitliyin təmin olunması üçün Yaxın Şərq Strateji Alyansının yaradılması məsələsində səmərəli görüşlər keçirib. Pompeo, gələcək həftə və aylarda da bu görüşləri davam etdirmək istəyir.
Nauert, ərəb ölkələri xarici işlər nazirlərinin İranın regiona və ABŞ-a yönəlik təhdidi ilə mübarizə məsələsində razılığa gəldiyini bildirib.
Qeyd edək ki, ABŞ hökuməti Yaxın Şərqdə ərəb ölkələrindən ibarət olacaq hərbi bir blokun yaradılmasını təklif etmişdi.
NATO-nu örnək alaraq qurulacağı bildirilən bu hərbi alyansın əsas missiyası bölgədə İrana qarşı mübarizə aparmaq olacaq.