Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 28 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasının ərazisində zaman-zaman evlərə verilən təbii qazın təzyiqi aşağı düşür. Bu problem hava şərtləri dəyişəndə xüsusilə dərinləşir. Qazın təqyiqinin aşağı düşməsi Masazır qəsəbəsində, Sumqayıtda və Bakı ətrafında da müşahidə edilir.
Mənzildə qazın zəif olması barədə Sputnik Azərbaycan-a Sumqayıt şəhər sakini Könül Məmmədova şikayət edib. O, şəhərin dördüncü kvartalında, demək olar ki, lap mərkəzində yaşayır: "Lakin buna baxmayaraq, daim qazın verilişi dayandırılır, yaxud da təzyiqin aşağı düşməsi müşahidə edilir. Odur ki, qaz plitəsinin üstündə çaydanı qaynatmaq praktiki olaraq mümkün deyil".
"Hamamda isə yalnız gecəyarısı, qonşular şirin yuxuda olduqlar vaxt yuyunmaq mümkündür. Çünki yalnız həmin vaxtlarda qazın təzyiqi bir qədər artır və su qızdırıcısı suyu nisbətən çimmə temperaturuna qədər isidə bilir" — şikayətçi deyir.
Qaz probleminin heç cür həllini tapmadığını, qışın isə qapıda olduğunu görən Məmmədovlar ailəsi alternativ olaraq elektrik su qızdırıcısı almaq qərarına gəliblər. Baxmayaraq ki, bu, elektrik enerjisinin qiymətlərinin yüksək olması fonunda onların cibinə külli miqdarda ziyan vuracaq.
Bütün bunlara baxmayaraq, "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev abonentin dediklərini təkzib edir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, mənzillərə qaz mövsümdən asılı olmayaraq, istehlaka uyğun verilir.
Kərbəlayev deyir ki, tələbatın artmasına uyğun olaraq qaz verilişi də artırılır: "Əgər yay vaxtı qaz istehlakı 5-10 milyon kubmetr çərçivəsində dəyişirsə, qışda qaz xərcləri iki dəfə artır. Hazırda respublika ərazisində qaz verilişində heç bir problem yoxdur. Əhali tələbata uyğun olaraq tam surətdə qazla təchiz edilir.
"Qazın təzyiqi gündəlik olaraq tənzimlənir. Qaz verilişində hər hansı problem yaranarsa, vətəndaş "Azəriqaz"ın "qaynar xətti"nə — 185 nömrəsinə zəng vursun. Zəng vurub problemlə bağlı məlumat verərək və qeydiyyatdan keçərək qısa zamanda qaz idarəsinin işçilərini problemin olduğu ünvana çağıra bilərsiniz" — deyə İB sözçsü bildirir.
Kərbəlayev əminliklə diqqətə çatdırır ki, qazı heç bir səbəb olmadan, sadəcə götürüb kəsə bilməzlər: "Yalnız o hallar istisna ola bilər ki, abonentlər qabaqcadan xəbərdar edilməklə təmir işləri planlaşdırılmış olsun".
Qeyd edək ki, hazırda "Azəriqaz" İB-nin abonentlərinin sayı 2 milyon 149,772 min nəfərdir. 2018-ci ilin yanvar-avqust ayları ərzində İB-də əhali qrupundan olan 55,689 min yeni abonent qeydiyyatdan keçib. Onlardan 34,002 mini Bakı, Abşeron və Sumqayıt ərazilərini, 21,687 mini isə regionları əhatə edir.