Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 27 sentyabr — Sputnik. Tovuz rayon polisi mənzillərin qarət edilməsində şübhəli bilinən iki fərasətli yaxın qohumu saxlayıb. Onlar həmin vaxt kənddə toyun olmasından istifadə edərək öz cinayət əməllərini həyata keçiriblər. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.
Tovuz RPŞ-nin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Öysüzlü kəndinin 27 yaşlı sakini Anar Cəfərli və onun 29 yaşlı qohumu Eşqin Hüseynov saxlanılıb. Bu gün istintaq altı mənzilin qarətində onların əlinin olduğunu sübuta yetirib. Həmin oğurluq hadisələrinin hamısı 2018-ci ilin aprel-sentyabr ayları ərzində baş verib.
Belə ki, aprelin 28-də yerli sakinin evindən 296 manat pul və 1,5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bundan sonra daha beş ev qarət edilib. Ümumilikdə bu evlərdən 6,115 manat, 5,550 ABŞ dolları, 70 min rus rublu və 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Oğurlanmış əşyaların bir hissəsini asayiş keşikçiləri əşyayi-dəlil kimi götürüblər.
Bununla belə, məlum olub ki, qohumlar oğurluq edəcəkləri yerə öz avtomobilləri ilə gediblər. Apreldə baş verən oğurluğun araşdırılması zamanı şahidlərdən biri deyib ki, cinayət baş verən gün qarət edilmiş evin yaxınlığında üstündə taksi "fənəri" olan maşını görüb. Asayiş keşikçiləri həmin maşını tapıblar, lakin sürücünün cinayətdə iştirakını sübut edə bilməyiblər.
Sürücü bildirib ki, taksidə işləyir və həmin gün avtovağzaldan müştəri ona zəng edib. O da sözügedən ünvana həmin müştərini aparıb. Bir neçə ay sonra sözügedən avtomobil digər rayonda gözə dəyib. Onu tezliklə oğurluğun baş verdiyi digər evin yaxınlığında görüblər. Bu "təsadüflər" asayiş keşikçilərini duyuq salıb. Oğruların həmin avtomobillə hərəkət etdiklərinə heç bir şübhə qalmayıb. Bu minvalla əməliyyatçılar oğru qohumların izinə düşüblər. Müəyyən edilib ki, taksinin sükanı arxasında Anar Cəfərli oturub. Eşqin Hüseynov isə evlərə girərək qarətlə məşğul olub.
Bu işin ən ilginc tərəfi isə odur ki, oğurluğun baş verdiyi evlərin sahibləri qarət zamanı toy məclislərində olublar. Qohumlar rayonun hər tərəfini dolaşaraq toy hazırlıqları gedən evləri axtarırlarmış. Məlum olduğu kimi, toyun gözləndiyi evlərin sahibləri adətən bir neçə gün qabaqdan qapıya qırmızı lent bağlayırlar. Toya hazırlığın getdiyi evdə məlum məsələdir ki, pul və qızıl-zinət əşyaları da olur. Cinayətkarlar qırmızı lentli evləri görən kimi ev sahiblərini izləməyə başlayırlar. Oğurluq hadisəsi adətən toyun ən qızğın saatında və başın qarışdığı vaxtda — saat 18:00-19:00 aralığında törədilir. Kənd yerlərində isə toy mərasimləri adətən ümumi bayram kimi qeyd edilir. Ona görə də, qonşular, qohumlar toy mərasimində ailəlikcə iştirak edirlər. Evin sahibləri qonaqlarla birlikdə restorana gedərkən, Hüseynov da asanlıqla evlərə girərək oğurluq edirmiş.
O da məlum olub ki, sözügedən gənclər oğurladıqları bütün pulları restoranlarda və əyləncə mərkəzlərində xərcləyiblər. Bir sözlə, onlar dəmir barmaqlıqlar arasında getməmişdən əvvəl oğurluq pullarla yaxşıca kef çəkiblər.