Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 27 sentyabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan ötən gün BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunub. O, Azərbaycanı Dağlıq Qarabağda yaşayan əhalinin yox, yalnız torpağın maraqlandırdığını iddia edib.
Paşinyan, eyni zamanda, sərsəm bəyanat səsləndirərək, guya Naxçıvanda erməni əhalinin bölgədən qovulduğunu, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı təqdirdə bölgədə yaşayan ermənilərin təzyiqlərə məruz qalacağını bəyan edib.
Sputnik Azərbaycan məsələ ilə bağlı Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişilinin fikirlərini öyrənib. O deyib ki, erməni baş nazirin səsləndirdiyi bu bəyanatların heç biri səmimi deyil.
"Paşinyan ya bunu bilərəkdən edərək dünya ictimaiyyətini çaşdırmaq istəyir, ya da Dağlıq Qarabağ münaqişəsinin nə tarixindən, nə də indiyə qədər aparılan danışıqlardan, proseslərdən xəbəri var. Hər iki amil Ermənistan və onun hazırda hakimiyyətdə olan rəhbərliyi üçün yaxşı heç nə vəd etmir" — deputat bildirib.
"Bu gün təkcə paytaxt Bakıda 20 minə yaxın erməni yaşayır. Münaqişənin başlamasından sonra onların sülh və təhlükəsiz formada Bakıda qalması bir daha sübut edir ki, Azərbaycanın sadə erməni xalqı ilə heç bir problemi yoxdur. Ona görə bu gün Paşinyanın belə bir bəyanat səsləndirməsi, tamamilə, məntiqdən uzaqdır" – deyə o, əlavə edib.
T.Mirkişili Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq Azərbaycan icmasının Azərbaycan vətəndaşları ilə eyni hüquqa malik olacaqlarını dəfələrlə bəyan etdiyini də xatırladıb: "Konstitusiyada göstərilən bütün hüquqlar, ermənilər də daxil olmaqla, Azərbaycanda bütün xalqlara aiddir. Konstitusiya cəhətdən, Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunması Azərbaycan hökumətinin borcudur".
"Nəzərə almaq lazımdır ki, Azərbaycan, hətta Dağlıq Qarabağda olan erməni işğalçı qüvvələrinin diversiyalarına cavab atəşi açdıqda belə, indiyə qədər heç bir mülki şəxs zərər görməyib. Bu, bir daha göstərir ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi görür, onların təhlükəsiz və rifah halında yaşamasında maraqlıdır. Azərbaycan hökuməti daim ölkənin suverenliyi çərçivəsində Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət verməyə hazır olduğunu bildirib. Və bölgənin Azərbaycanın tərkibində inkişaf edəcəyini bəyan edib" — millət vəkili vurğulayıb.
Müsahibimiz Ermənistan baş nazirinin öz çıxışında, guya Naxçıvandan ermənilərin qovulmasına dair yanlış fikirlər səsləndirməsinə də münasibət bildirib: "Naxçıvana gəldikdə isə, bu bölgə qədim türk torpağıdır. Naxçıvanda ermənilərin olması, onların oradan qovulması kimi bəyanat, tamamilə, cəfəng və erməni xülyasıdır. Çox təəssüflər olsun ki, Paşinyan bu cür xülyalar, avantürist ideyalarla çıxış etməyə davam edir. Bütün bu bəyanatlar bölgə üçün yaxşı heç nə vəd vermir".
Deputat hazırda Dağlıq Qarabağ bölgəsinin, bütövlükdə Ermənistan tərəfindən idarə olunduğuna diqqət çəkib: "Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun özü belə, Azərbaycanın işğal altında olan torpaqlarında xidmət aparır. Bütün bunlar ondan xəbər verir ki, Dağlıq Qarabağda danışıq aparılası hər hansı bir qurum yoxdur və ola da bilməz. O zaman bizim kiminlə danışıq apara bilərik?".
Tahir Mirkişilinin fikrincə, Nikol Paşinyanın səsləndirdiyi ziddiyyətli bəyanatlar Ermənistanda ciddi bir hakimiyyət böhranı yetişməkdə olduğunu deməyə əsas verir: "Bir tərəfdən hökumət başçısı indiyə qədər aparılan danışıqların ruhuna, əldə olunan razılaşmalara zidd olan bəyanatlar verir. Digər tərəfdən isə Ermənistan xarici işlər nazirinin danışıqlar aparmaq istəməsi heç bir məntiqə sığmır. Çünki danışıqlarda məqsəd əvvəlki görüşlərdə əldə olunan razılaşmaları daha da inkişaf etdirmək və irəliyə aparmaqdır".
"Bu gün yaranan qeyri-müəyyənlik, yəni kiminlə, hansı formada və nəyi razılaşdırmaq kimi qeyri-müəyyənliyin yaranması danışıqlar prosesini təhlükə altına qoyur. Bunu Azərbaycan hökuməti dəfələrlə bildirib. Bu, bölgədə böyük bir təhlükənin, ciddi problemlərin yaranmasına səbəb ola bilər" – millət vəkili əlavə edib.