BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb. Rəsmi məlumata görə, ötən il ölkəmizdə 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayətə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub. Ötən il cinayət törətmiş şəxslərin 486-sı 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442, 2015-ci ildə 477, 2010-cu ildə 439 olub. 2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 532 cinayət (2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) törədilib.
Rəqəmlərə nəzər saldıqda aydın görünür ki, uşaq cinayətlərinin səviyyəsi ildən-ilə artmaqdadır. Bu fakt artıq onu deməyə əsas verir ki, uşaqlarla işləyən dövlət və qeyri-hökumət təşkilatları problemin daha geniş vüsət almasının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməlidir. Bunun üçün, əlbəttə ki, əvvəlcə problemin qaynaqlandığı səbəblər araşdırılmalıdır, daha sonra ona uyğun işlər görülməlidir.
Ekspertlər hesab edirlər ki, uşaq cinayətlərinin artmasında bir neçə amilin rolu var: ailədaxili münaqişələr, həmçinin iqtisadi, sosial, təhsil, psixoloji məsələlər, uşaqların asudə vaxtlarının səmərəli təşkil olunmaması, uşaqlara nəzarətin azalması və s. Bu səbəblərin ən başında isə uşaqların internetin zərərlərindən daha çox yararlanması, yəni İKT-nin inkişafının durduğu qeyd olunur.
Bir çox mütəxəssis, həmçinin əksər valideynlər uşaq cinayətləri faktlarının çoxalmasında KİV-lərin də rolunun olduğunu qeyd edirlər. Belə ki, bəzi media nümayəndələri, həmçinin media qurumları fərqinə varmadan və ya bilərəkdən, sadəcə oxucu toplamaq naminə uşaqları cinayətə sövq etdirən xəbərlər tirajlayırlar.
Maraqlıdır, KİV nümayəndələri, sosial və ənənənəvi media təmsilçiləri uşaqlarla bağlı xəbərləri, reportajları, müsahibələri, verilişləri hazırlayarkən nələrə diqqət yetirməlidirlər, hansı amilləri nəzərə almalıdırlar? Ümumiyyətlə ölkə KİV-lərində uşaq hüquqları necə qorunmalıdır?
Sputnik Azərbaycan xəbər verir ki, bu günlərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) məhz jurnalistləri məhz bu mövzuda maarifləndirmək məqsədilə təlim keçirdi. GİZ-in "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramı çərçivəsində keçirilən təlimin mövzusu "Media və uşaq hüquqları: uşaqlar haqqında informasiya hazırlanmasının şərtləri"ndən ibarət idi. Ölkənin bir sıra aparıcı media qurumlarının nümayəndələrinin iştirak etdiyi iki günlük təlimin təlimçisi Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ)sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli oldu.
Təlimin birinci günündə əvvəlcə mövzuya giriş verildi, ümumiyyətlə, uşaq anlayışı nədir, insan neçə yaşdan hansı yaşa qədər uşaq sayılır, uşağın nə kimi hüquqları var və s. məsələlərə jurnalistlərlə birlikdə aydınlıq gətirildi.
Daha sonra uşaq cinayətlərinin statistikası açıqlandı və artma səbəbləri üzərində müzakirələr aparıldı. Uşaq cinayətlərinin aradan qaldırılması yolları araşdırıldı. Belə bir nəticəyə gəlindi ki, bu məsələdə əsas iş medianın üzərinə düşür. Media təmsilçiləri həm öz fəaliyyətində uşaq cinayətlərini artıracaq nüanslara diqqət yetirməlidirlər. Həm də öz işlərini maarifləndirici formada qurmalıdırlar ki, uşaqlar cinayətdən yayınsın, elmə-təhsilə, peşəyə, idmana yönəlsinlər.
Bundan sonra isə təlim iştirakçıları ilə birlikdə, uşaqlarla bağlı baş vermiş hadisələrin hazırlanma üsulları müzakirə olundu. Cinayət törətmiş və ya cinayət qurbanı olunmuş uşaqlarla bağlı sosial mediada, həmçinin TV-lərdə yayımlanmış bəzi xəbərlər analiz edildi.
Daha sonra uşaqlarımızı internet informasiya resurslarında — sosial şəbəkələrdə, sosial mediada yayılmış yararsız, zərərli informasiyadan qorumağın yolları ətrafında geniş fikir mübadiləsi aparıldı. Təklif olundu ki, uşaqların sosial şəbəkələrin zəzərlərindən qorumaq üçün dünya ölkələrinin təcrübələrindən istifadə olunması məqsədəuyğundur. Məsələn, internetə xüsusi filtirasiya qoyulmalı və ya sosial şəbəkələrdə hesab açmaq üçün mütləq bank kartı olmalıdır. Müşfiq Ələsgərli bildirdi ki, Mətbuat Şurası da uşaqları zərərli informasiyadan qorumaq üçün yollar axtarır. Şura tərəfindən bu məqsədlə orta məktəblərdə informasiya dərsinin keçirilməsi təklif edilib.
Təlimin ikinci günündə isə uşaq haqları və onun qorunmasının hüquqi əsasları ətrafında danışıldı. Uşaqların malik olduğu müstəsna hüquqlar və hüquqi normalar, uşaq hüquqlarını qoruyan beynəlxalq normalar, uşaq hüquqlarını təminat altına alan yerli qanunvericilik, KİV-də uşaq hüquqlarının qorunmasını tənzimləyin qanunlar nəzərə çatdırıldı. Həmçinin ənənəvi KİV-də və internet informasiya resurslarında, sosial şəbəkələrdə uşaqlar haqqında informasiya verilməsinin mövcud durumu, jurnalistlərin peşə davranışı qaydaları və uşaq haqları mövzusunda geniş fikir mübadiləsi aparıldı.
Sonda təlimin iştirakçıları arasında keçirilənləri möhkəmləndirmək məqsədilə praktiki iş həyata keçirilib. Jurnalistlər tərəfindən hazırlanmış materiallar əsasında bilikləri qiymətləndirilib.
Təlimin sonunda GİZ-in nümayəndəsi Şakir Səfərbəyov bildirdi ki, hər zaman jurnalistləri maraqlandıran mövzularda təlimlər keçirməyə hazırdırlar. Və jurnalistlərə müraciət etdi ki, gələcəkdə təlim keçirilməsini istədikləri mövzularla bağlı onlara müraciət edə bilərlər.
Qeyd edək ki, təlimdə Sputnik Azərbaycan-ın əməkdaşı da iştirak edib.