CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlərimizə kabus girib, əsas qurbanları isə uşaqlardır

CC0 / sharpemtbr / ChildrenДети за компьютером, фото из архива
Дети за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Cinayət törətmiş və məhkum edilmiş uşaqların sayının artmasında internetin və ondan nəzarətsiz istifadənin ciddi rolu var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb. Rəsmi məlumata görə, ötən il ölkəmizdə 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayətə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub.

Uşağı döyərək qətlə yetiriblər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda böyüklərin təqib etdiyi uşaq kimdir: Ortada elə bir şübhə var ki...

Ötən il cinayət törətmiş şəxslərin 486-sı 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442, 2015-ci ildə 477, 2010-cu ildə 439 olub. 2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 532 cinayət (2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) törədilib.

Məsələni Sputnik Azərbaycan-a şərh edən uşaq hüquqları üzrə ekspert Dadaş Əhmədov deyib ki, Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayını azaltmaq mümkündür: "Əgər cinayətlər baş veribsə, həmin cinayətlərin səbəbləri dəqiq araşdırılmalıdır. Bu, ailədə baş verən problemlər, sosial, təhsil, psixoloji məsələlər ilə bağlı ola bilər. Bu məsələlər araşdırılmalı və bunun aradan qaldırılması üçün dövlət tərəfindən tədbirlər görülməlidir".

"O cümlədən, profilaktik işlərin görülməsi ilə bağlı addımlar atılmalıdır. Uşaqların asudə vaxtlarının səmərəli istifadə olunmasına, onların dərnəklərə, idman klublarına yazılmasına və s. diqqət yetirilməlidir" — Əhmədov bildirib.

Ekspertin fikrincə, eyni zamanda, ailələrin problemlərinin həlli üçün addımlar atılmalıdır: "Uşaqlar ailədaxili problemlərdən yaranan hansısa məsələlərlə bağlı da cinayət törətməyə meyl göstərirlər. Cinayət törətmiş uşaqların böyük əksəriyyətinin ailəsində bu və ya digər formada problemlər olur. Ya uşaq ananın, ya da atanın himayəsində qalır. Bu məsələ çox ciddi araşdırılmalıdır".

Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
Ölkə üzrə cinayət statistikası açıqlanıb

"Əvvəllər də araşdırma apararkən müəyyən etmişik ki, ananın ya da atanın himayəsində olan uşaqların (təxminən 50-60 faiz) cinayətə meyllənməsi daha çox olur. Ailələri yenidən qovuşdurmaq imkanımız olmasa da, heç olmasa, həmin uşaqları nəzarətə götürmək olar və bundan ötəri dövlətin müəyyən orqanları var" — deyə o, qeyd edib.

D.Əhmədovun qənaətincə, son zamanlar Azərbaycanda da inkişaf etməyə başlamış sosial iş institutunun möhkəmləndirilməsi, yəni uşaqlarla sosial işin aparılması, onların problemlərinin həllinə yardım göstərilməsi ilə bağlı işlər görülməlidir: "Bunlar hamısı profilaktik məsələlərdir. Bu işlər görülərsə, cinayətkarlıq xeyli dərəcədə azalmış olacaq. Amma çox təəssüf ki, hələ də bu hallar mövcuddur. Yəni sadaladığım məsələlər diqqətə alınmır. Bu da cinayətkarlığın uşaqlar arasında artmasına gətirib çıxarır".

Hüquqşünas Ələsgər Məmmədli isə Sputnik Azərbaycan-a bildirib ki, azyaşlıların və yetkinlik yaşına çatmayanların cinayət törətməsi artıbsa, bunun səbəblərindən biri valideynlərin nəzarətinin azalması və gənclərin, xüsusən uşaqların daha çox internet vasitələri üzərində qalması ola bilər.

"Çünki müasir kommunikasiyadan yararlanaraq hər bir uşağın çox geniş sferaya və fərqli düşüncəyə çıxış imkanları var. Bu, nəzarətsiz istifadə olunursa, uşaqların psixologiyasına, davranışlarına mənfi təsir edə bilir" — mütəxəssis vurğulayıb.

Ə.Məmmədlinin sözlərinə görə, müxtəlif oyunlar, aqressiv proqramlar, hətta yayımlar zaman-zaman uşaqları yönləndirə bilir: "Cinayət törətmiş və məhkum edilmiş uşaqların sayı artıbsa, burada internetin və ondan nəzarətsiz istifadənin ciddi rolu var. Ailələrdə, məktəblərdə internetə nəzarəti artırmaq lazımdır".

Xəbər lenti
0